...

Azərbaycanda daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2011 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr / Trend, müxbir A.Axundov /

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "Başak-İnam Sığorta Şirkəti" ASC-yə sığorta fəaliyyəti üzrə müddətsiz lisenziya verib. Trend-in məlumatına görə, bu barədə Dövlət Xidmətinin cümə axşamı yaydığı məlumatda deyilir.

"Lisenziya əvvəllər verilən razılığın müddətinin başa çatması ilə əlaqədar verilib", - məlumatda deyilir.

Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən bu gün ölkədə fəaliyyət göstərən 30 sığorta şirkətindən (o cümlədən bir təkrarsığorta şirkətinə) 18-nə müddətsiz lisenziya verilib.

2008-ci ilin martından qüvvəyə minən "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, bu gün ölkədə sığorta fəaliyyətinə icazə müddətsiz dövr üzrə verilir, halbuki əvvəllər lisenziya beş il müddətinə verilirdi. Yeni yaradılan şirkətlərə ilk lisenziya beş il müddətinə verilir.

Şirkətlər müddətsiz lisenziya almaq üçün qüvvədə olan lisenziyanın müddəti başa çatanda müraciət edə bilərlər. Hazırda DSNX 18 şirkətin sığorta fəaliyyəti üzrə icazəsini yeniləyib, yerdə qalan şirkətlərin lisenziyalaşdırılması prosesi isə yeni qanunvericiliyə uyğun olaraq 2016-cı ildə tam başa çatacaq.

2012-ci ildə yeddi sığorta şirkətinin (Temz Sığorta Qrupu, Atəşgah Sığorta, Azərbaycan Sənaye Sığorta, Meqa Sığorta, Beynəlxalq Sığorta Şirkəti, Qarant Sığorta, Standard İnsurance) və yeganə təkrarsığorta şirkəti AzRE-nin lisenziyalarının müddəti başa çatacaq. İki şirkətin (Alfa Sığorta və Qala Həyat Sığorta) lisenziyasının müddəti 2013-cü ildə, Paşa Həyat Sığorta şirkətininki isə 2016-cı ildə başa çatır.

Ölkədə fəaliyyət göstərən şirkətlərin mükafatlarının ümumi həcmi ilin ilk beş ayı ərzində 86,453 milyon manat (bir il ərzində artım 29,2 faiz), hesabat dövründə ödənişləri 22,195 milyon manat (19,9 faizlik artımla) təşkil edib.

2011-ci ildə iki sığorta şirkətinin (Fidan Sığorta və Günay Sığorta) sığorta fəaliyyəti üzrə lisenziyaları dayandırılıb.
"Başak-İnam Sığorta Şirkəti" ASC ölkənin sığorta bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin 49 faizi 111 il əvvəl Fransada yaradılmış, hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor's reytinqli Groupama Sigorta A.Ş şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti