...

Azərbaycanlı menecerlər Almaniyada ixtisaslarını artıra biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 15:12 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzi (BBTM) 2012-ci ildə Almaniyada ixtisasartırma kurslarına göndəriləcək sahibkar və menecerlərin seçimi üçün müsabiqənin keçirilməsinə başlayıb.
Azərbaycanlı menecerlər Almaniyada ixtisaslarını artıra biləcəklər

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir N.İsmayılova/

Bakı Biznes Tədris Mərkəzi (BBTM) 2012-ci ildə Almaniyada ixtisasartırma kurslarına göndəriləcək sahibkar və menecerlərin seçimi üçün müsabiqənin keçirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

Müsabiqə "Azərbaycanda biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli proqramı" çərçivəsində həyata keçirilir. Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, Almaniya şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür: ali təhsil (bakalavr və ya magistr dərəcəsi); menecment sahəsində azı bir il iş təcrübəsi; yaşı 45-dən çox olmamalı; ingilis və ya alman dilini bilməli.

Tədris alman və ya ingilis dilində aparılacaq.

Almaniyada keçiriləcək ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir: treninqlər və şirkətlərdə praktiki təcrübə. Kurs 2012-ci ilin iyun-iyul aylarında keçiriləcək.

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

Müsabiqədə iştirak etmək üçün formaları Mərkəzin saytından əldə etmək mümkündür: www.bbtc.az

Sənədlər 2012-ci il mart ayının 10-dək aşağıdakı ünvanda qəbul ediləcək: Bakı şəh., A.M.Şərifzadə küçəsi, 172, 4-cü mərtəbə, İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Tədrisin təşkili və metodikası şöbəsi.

Əlaqələndirici şəxs: Məlahət Kazımova; tel: (012) 431-39-07, 430-93-22; e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti