Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir A.Axundov/
Mayın 1-dən Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı məlumatında deyilir.
"Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu ilin may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır", - məlumatda qeyd olunur.
Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək.