Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir Ə.Həsənov/
Bu ilin yanvar ayında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 94 xarici dövlətlə 2506,5 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıblar.
Trend-in cümə günü Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmtəə mübadiləsinin 252,3 milyon dolları MDB üzvü olan dövlətlər, 2254,2 milyon dolları isə digər ölkələrlə həyata keçirilib.
Xarici ticarət dövriyyəsinin 1848,8 milyon dollarını Azərbaycandan ixrac olunmuş mallar, 657,7 milyon dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib. 1191,1 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,3 faizi) İtaliya, Fransa, Almaniya, Rusiya Federasiyası, Bolqarıstan, Türkiyə, İsrail, İndoneziya, Portuqaliya, Ukrayna və Gürcüstanla aparılıb.