Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir A.Axundov/
Yanvar-iyul aylarında Azərbaycanda inşaat kompleksində 7,1 milyard manat məbləğində investisiyadan istifadə edilib ki, bu da ötən ilin analoji dövründəki göatəricini 27,2 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
İstifadə edilmiş vəsaitin 59,6 faizi və ya 4,2 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 2011-ci ilin yanvar-iyul aylarına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 27,2 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 26,9 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 78,8 faizini və ya 5,6 milyard manatını daxili investisiyalar təşkil edib və 34,7 faiz artıb.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilib. Yeddi ay ərzində ümumi sahəsi 922 min kv.metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 280 yerlik məktəbəqədər uşaq müəssisəsi, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Metal konstruksiyalar zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları istifadəyə verilib.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5933,9 milyon manat vəsaitin 3046,7 milyon manatından istifadə edilib.
2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar bu proqram çərçivəsində 2012-ci il iyulun 1-nə ölkədə 299 min yeni, o cümlədən 219,9 min daimi iş yeri açılıb, onların 58,2 mini, o cümlədən 40,4 min daimi iş yerləri təkcə 2012-ci ilin birinci yarısında yaradılıb. Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış iş yerlərinin 70,1 faizi regionlarda, 87,8 faizi qeyri-dövlət sektorunda açılıb.