Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir A.Axundov/
Ünvanlı sosial yardımın həcmini müəyyənləşdirmək üçün Azərbaycanda ehtiyac meyarının səviyyəsi 2013-cü ildə indiki 84 manatdan 93 manatadək artırılacaq.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisdə baxılan 2013-cü il və növbət üç il üçün dövlət büdcəsi layihəsində deyilir.
Proqnozlara əsasən, gələn il ölkədə yaşayış minimumu indiki 108 manatdan 116 manata, əhalinin əməkqabiliyyətli hissəsi üçün 116 manatdan 125 manata, pensiyaçılar üçün 84 manatdan 94 manata, uşaqlar üçün isə 87 manatdan 93 manatadək artırılacaq.
Layihəyə əsasən, 2013-cü ildə dövlət büdcəsinin sosial müdafiə və sosial təminat üzrə xərcləri 1,81 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2012-ci ilin proqnoz göstəricisini 27,8 milyon manat və ya 1,6 faiz, 2011-ci ilin faktiki göstəricisini isə 318,2 milyon manat və ya 21,3 faiz üstələyir.
Son beş ildə (2009-2013-cü illər) dövlət büdcəsinin sosial müdafiə və sosial təminat üçün nəzərdə tutulan cari xərcləri 759,2 milyon manat və ya 72 faiz artıb.