...

Polşa Azərbaycan investisiyalarına maraq göstərir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2012 16:31 (UTC +04:00)
Polşa hökuməti Azərbaycan kapitalına maraq göstərir və azərbaycanlı sahibkarları bu ölkəyə investisiya yatırmağa çağırır.
Polşa Azərbaycan investisiyalarına maraq göstərir (ƏLAVƏ OLUNUB)

Polşa, Varşava, 26 noyabr /Trend, xüsusi müxbir S.Ağayeva/

Polşa hökuməti Azərbaycan kapitalına maraq göstərir və azərbaycanlı sahibkarları bu ölkəyə investisiya yatırmağa çağırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Varşavada keçirilən Polşa-Azərbaycan biznes forumunda qeyd olunub. Forumda hər iki ölkədən təqribən 50 şirkətin nümayəndələri iştirak edirlər.

Əməkdaşlıq üçün tikinti, energetika, bank və digər sahələr perspektivli ola bilər.

Biznes forum iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının növbəti iclası çərçivəsində keçirilib.

İclasda və biznes forumda iştirak etmək üçün hökumətlərarası komissiyanın həmsədri Natiq Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Varşavadadır. Nümayəndə heyətinin tərkibinə, həmçinin Azərbaycanın 30-a yaxın şirkətinin nümayəndələri daxildir.

"Polşanın elmi-texniki sahənin inkişafında, azad iqtisadi zonaların yaradılması, səhiyyə və nəqliyyat sahələrində böyük potensialı var", - Əliyev biznes forumda qeyd edib.

Onun sözlərinə görə, bu sahələrdə qarşılıqlı münasibətlərin inkişafı üçün potensial var və bu gün biznes forum çərçivəsində imzalanan sənədlər bizim doğru yolda olduğumuzu təsdiqləyir.

"Azərbaycan-Polşa münasibətləri dinamik inkişaf edir. Polşanın uğurla çıxdığı dünya maliyyə-iqtisadi böhranının davam etməsinə baxmayaraq, iki ölkə arasında əlaqələr yeni səviyyəyə qədəm qoyub", - nazir bildirib.

Nazir vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq üçün yaxşı mexanizmlər var və Azərbaycan hökuməti əməkdaşlığın inkişafına yönəldilmiş istənilən təklifə baxmağa hazırdır.

"Azərbaycan hazırda iri neft və qaz emalı kompleksinin tikintisi layihəsi üzərində işləyir və hökumət Polşa şirkətlərini bu layihədə görmək istəyir", - Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan neft ölkəsidir, lakin son illərdə hökumət qeyri-neft sektorunun inkişafını prioritet seçib.

Biznes forum çərçivəsində Azərbaycanın iqtisadi imkanları təqdim olunub. Polşa şirkətləri, öz növbəsində, fəaliyyətləri haqqında məlumat veriblər.

Biznes forumun təşkilatçıları Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Polşanın İnformasiya və Xarici İnvestisiyalar Agentliyidir (PA LILZ).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti