Azərbaycan, Bakı, 18 may /Trend/
Mayın 18-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində sahibkarlar üçün treninq keçirilib. Bu barədə Trend-ə şənbə günü daxil olan məlumatda bildirilir.
"Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən tədbirdə İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları, Bakı şəhəri və qəsəbələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak ediblər.
Treninqdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixrac bazarlarının təsnifatı, strukturu, güzəştli ixrac şərtləri, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramının ("GSP+") əsas xüsusiyyətlər və biznes üçün potensial faydası, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, daxili istehsalın keyfiyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar verilmiş, mövzular üzrə təqdimatlar keçirilib.
Tədbirdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, elektron ticarət və onun əhəmiyyəti və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.