Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Əliyev/
Azərbaycanda "Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar" təsdiq edilib. Trend-in məlumatına görə, müvafiq qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.
Qaydalara əsasən, hər bir şəxs gömrük orqanları ilə münasibətlərində Gömrük Məcəlləsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər.
Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər.
Gömrük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməlidir. Gömrük təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirməyən, yaxud bunu bildirən, lakin müvafiq səlahiyyəti olmayan şəxs öz adından və özünün mənafeyi üçün fəaliyyət göstərən hesab olunur.
Gömrük orqanı gömrük təmsilçiliyini birbaşa, yaxud dolayı həyata keçirən şəxsdən ona müvafiq səlahiyyətin verildiyini təsdiqləyən sənədin təqdim olunmasını tələb etməlidir.
Bu Qaydaların tələbləri istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların fiziki şəxslər tərəfindən güzəştli və sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na əsasən müəyyən olunan nümayəndəlik fəaliyyətinə şamil edilmir.
Qayadalara əsasən, Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər. Həmin mütəxəssislər gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirdikdə, onlar gömrük brokerini təmsil edən şəxs hesab olunurlar.
İxtisas attestatının verilməsi qaydaları, gömrük rəsmiləşdirilməsi üçün mütəxəssislərin qarşısında qoyulan tələblər, ixtisas attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi Nazirlər Kabinetinin 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Qaydaları" ilə müəyyən edilir.