...

Naftalanda istehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2014 16:06 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-dən çox istehlakçı iştirak etmişdir.
Naftalanda istehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Fevralın 14-də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans Naftalanda təşkil edilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-dən çox istehlakçı iştirak etmişdir.

Xidmətin rəis müavini Araz Əliyev Azərbaycanda aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq əhalinin maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdığını, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin ilbəil artdığını qeyd etmişdir. Bu isə istehlak bazarında insanların müxtəlif mallara, xidmətlərə olan tələbatını keyfiyyətcə dəyişdirmiş və istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlamışlar.

İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən Araz Əliyev hər il olduğu kimi, ötən 2013-cü ildə də Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirildiyini, kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlandığını bildirmiş, ticarət və ictimai-iaşə obyektlərində çalışan xidmət personalının təlimləndirilməsi, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq əhali arasında paylanılmasının maarifləndirmə işinə müsbət töhfə verdiyini qeyd etmişdir.

2013-cü il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 220 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Bu sahədə tədbirlər hazırda da davam etdirilir. Tədbir iştirakçılarına xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə də geniş məlumat verilmişdir.

Ötən ildə həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyi diqqətə çatıdırlmışdır.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının məruzələri dinlənilmiş, tədbir iştirakçılarına istehlakçı hüquqları barədə geniş məlumat verilmişdir.

Çıxışlarda, həmçinin maarifləndirmə işlərinin mühüm əhəmiyyəti bir daha vurğulanmış, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmaq, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etmək, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmək tövsiyə edilmişdir. Bildirilmişdir ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verə bilərlər. Daxil olmuş müraciətlərə Dövlət Xidməti tərəfindən operativ şəkildə baxılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti