Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Əliyev/
Azərbaycan Prezidentinin 3 mart 2014-cü il tarixli "Sahibkarlığın inkişafı üzrə əlavə tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar ölkənin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən təkliflər paketi hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bazar ertəsi Bakıda "Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransında deyib.
Komitə sədri bildirib: "Paketə bu sahədə müxtəlif islahatlar, eləcə də səhmdar cəmiyyətlərin idarəetmə orqanlarının fəaliyyət funksiyaları və prosedurlarının, dividendlərin ödəniş mexanizmlərinin dəqiqləşdirilməsi və digər məsələlər daxil olacaq. Paketin hazırlanması yaxın günlərdə başa çatacaq və bundan sonra o, dövlət başçısına təqdim ediləcək".
R.Aslanlı qeyd edib ki, bu seqmentin inkişafına beynəlxalq ekspertlər uğurla cəlb ediliblər. Onların fikirləri təkliflərin hazırlanmasında nəzərə alınıb: "Əminəm ki, qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla təkliflərin həyata keçirilməsi ölkənin korporativ sektorunun inkişafına yardım edəcək".
Konfrans zamanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəd QKDK-nın rəhbəri Rüfət Aslanlı və konfederasiyanın rəhbəri Məmməd Musayev tərəfindən imzalanıb.