Azərbaycan, Bakı, 14 avqust /Trend/
2014-cü ilin iyul ayında Azərbaycanda istehlak məhsulları və xidmət tariflərinin dəyəri ötən aya nisbətən 0,8 faiz ucuzlaşıb, 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə inflyasiya 1,5 faiz olub. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin 7 ayının nəticələrinə dair hesabatında bildirilir.
Hesabatda göstərilir ki, ərzaq məhsullarının qiyməti iyulda 2 faiz azalıb, qeyri-ərzaq məhsullarının qiyməti dəyişməyib, xidmətlərin tarifləri 0,2 faiz bahalaşıb.
2013-cü ilin yanvar-iyul aylarında qeydə alınan göstərici ilə müqayisədə ərzaq məhsulları 0,9 faiz, qeyri-ərzaq məhsulları 3,6, xidmət sahəsində tariflər isə 0,4 faiz bahalaşıb.
İyul ayında mövsümi amillərlə bağlı olan məhsul və xidmətlər (meyvə və tərəvəz) nəzərə alınmamaqla dövlətin tənzimlədiyi istehlak qiymətlərinin baza indeksi ötən ayla müqayisədə dəyişməyib, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə isə 1,8 faiz bahalaşıb.