Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Sentyabrın 5-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Sabir qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Şamaxı rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şamaxının iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in və fermer mağazalarının, 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin, üzümçülük və arıçılıq təsərrüfatlarının (balın sənaye üsulu ilə emalı müəssisəsinin) yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə bildirilmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 3658 sahibkara 187,8 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edək ki, indiyədək Dağlıq-Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1340 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,5 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, ixtisaslaşdırılmış "yaşıl market"in, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, çörək zavodunun, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 5 mindən çox yeni iş yeri yaradılmışdır.
İşgüzar forum çərçivəsində Şamaxı və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması hesabına 130-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.
Forum çərçivəsində İsmayıllı rayonunun Keyvəndi kəndində 1000 başlıq müasir heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə, Şamaxı rayonunun Carhan kəndində intensiv üzümçülük və Göylər kəndində arıçılıq təsərrüfatına baxış keçirilmişdir.