Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Maksim Tsurkov/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin yaydığı məlumatda deyilir.
SKMF noyabrın20-də Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Göyçay rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış "yaşıl market"in və fermer mağazalarının yaradılması;
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması;
- intensiv bağçılıq (nar və üzüm) və nar tingçiliyi təsərrüfatlarının yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.