Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi 2011-2014-cü illər üzrə strateji planına uyğun olaraq "Bilik mübadiləsi" layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra tədbirlər həyata keçirir.
Bankdan Trend-ə verilən məlumata görə, bu istiqamətdə sözügedən layihə çərçivəsində Tədqiqatlar və inkişaf mərkəzinin Resurslar və maarifləndirmə xidməti Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə kommersiya banklarının əməkdaşları üçün "Əmanətlərin sığortalanması" mövzusunda seminar keçirib.
Seminarın keçirilməsində məqsəd bankların əməliyyat və müştəri xidmətləri departamentlərində çalışan əməkdaşlarına əmanətlərin sığortalanmasında dünya və yerli təcrübə, "Əmanətlərin sığortalanması haqqında" qanuna əlavə edilmiş dəyişikliklər haqqında məlumatlandırmaq olub. Eyni zamanda, görüşdə səslənən, eləcə də Fondun qaynar xəttinə daxil olan suallar müzakirə edilib.
İnteraktiv formada keçirilən seminar zamanı iştirakçıların təcrübədə üzləşdiyi çətinliklərə aydınlıq gətirilib, suallar cavablandırılıb, onlara mövzu üzrə lazımi rəy və tövsiyələr verilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.