Azərbaycan, Bakı, 28 aprel /Trend/
27-28 aprel 2015-ci il tarixində Çin Xalq Respublikasının paytaxtı Pekində Asiya İnfrastruktur İnkişaf Bankı (AİİB) təsisçilərinin 4-cü iclası keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müzakirələrdə bankın 57 təsisçi üzvü olan ölkələrdən 55-i, o cümlədən Azərbaycandan Maliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Təsisçi ölkələrin 4-cü iclasda AİİB-in nizamnamə layihəsi üzrə aparılan danışıqlarda geniş konsesus əldə olunub. Müzakirələr zamanı bankın nizamnamə layihəsi üzərində işlərin 2015-ci il iyun ayı ərzində tamamlanaraq təsisçi ölkələr tərəfindən imzalanması və cari ilin sonunadək Asiya İnfrastruktur İnkişaf Bankının fəaliyyətinin təmin olunması qərara alınıb.