...

Azərbaycanda ən çox güzəştli kredit aqrobiznesin inkişafına ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2015 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Azad Həsənli/

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin ilk 6 ayında kreditlərin böyük hissəsini (güzəştli maliyyələşmənin ümumi həcminin 65,6 faizi) kənd təsərrüfatı məhsullarının istehsalı və emalına yönəldib. Trend-in məlumatına görə, bu barədə SKMF-nin bu ilin I yarısının yekunları üzrə balansında deyilir.

SKMF-nin məlumatına əsasən, bu sahədə 2910 layihənin maliyyələşdirilməsinə 63,73 milyon manat ayrılıb ki, bunun da 63,67 milyonu kənd təsərrüfatı məhsullarının istehsalının payına düşüb. Emal sahəsində 2 layihənin reallaşdırılmasına 56 min manat ayrılıb. Kənd təsərrüfatında layihələrin reallaşdırılması nəticəsində ümumilikdə 5618 iş yeri açılacaq.

Fond bu ilin I yarısında müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsində 13,3 milyon manat dəyərində (ayrılmış kreditlərin ümumi həcminin 13,7 faiz xüsusi çəkisi ilə) 57 layihə maliyyələşdirib. Bu layihələrin reallaşdırılması nəticəsində 716 iş yeri yaradılacaq.
SKMF xidmət sahəsinin inkişafında (infrastruktur sahəsində) 19,9 milyon manat məbləğində (20,6 faizlik payla) 5 layihə maliyyələşdirib. Bu layihələrin həyata keçirilməsi 232 iş yerinin açılmasını təmin edəcək.

Fondun məlumatına əsasən, 2015-ci ilin yanvar-iyun aylarında SKMF-nin maliyyələşdirdiyi layihələrin 99 faizi kiçik həcmli kreditlərin (32,83 milyon manat məbləğində və ya kreditlərin ümumi məbləğinin 33,9 faizi) payına düşür. Fond 2,07 milyon manat (2,1 faiz) dəyərində 10 orta həcmli kredit (0,3 faiz) və 62,11 milyon manat (64 faiz) dəyərində 21 iri həcmli kredit (0,7 faiz) verib.

SKMF ilin əvvəlindən 3,1 mindən çox sahibkara 111 milyon manatdan artıq məbləğində güzəştli kredit verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti