...

Minskdə Belarus-Azərbaycan biznes-forumu keçirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2015 18:58 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.
Minskdə Belarus-Azərbaycan biznes-forumu keçirilir (FOTO)

Bakı. Trend:

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 26-da Minskdə Belarus-Azərbaycan biznes-forumu öz işinə başlayıb. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm, maliyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.

Biznes-forumda çıxış edən Ş.Mustafayev Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, siyasi-iqtisadi əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında lazımi müqavilə-hüquqi baza yaradılıb. İndiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 90-a yaxın sənəd imzalanıb.

Ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən Ş.Mustafayev ticarət dövriyyəsinin genişləndirilməsi və diversifikasiyası məqsədilə ölkələrimizin birgə səylərini artırmasının əhəmiyyətini qeyd edib. Hazırda Azərbaycanda Belarus kapitallı 30-a yaxın şirkət, Belarusda isə 60 Azərbaycan şirkəti fəaliyyət göstərir. Sənaye sahəsində də ölkələrimiz arasında uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, Gəncə Avtomobil Zavodu və Minsk traktor və avtomobil zavodu arasında səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır. Nazir iş adamlarını sənaye, kənd təsərrüfatı, İKT, əczaçılıq və digər sahələrdə daha sıx əməkdaşlığa dəvət edib, Azərbaycan iqtisadiyyatı barədə məlumat verib.

Belarusun sənaye naziri Vitali Vovk Belarus və Azərbaycan arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes-forumların əhəmiyyətini vurğulayıb. Bildirilib ki, belə tədbirlərin davam etdirilməsi iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verir.

Biznes-forum öz işini noyabrın 27-də də davam etdirəcək.

Azərbaycan nümayəndə heyəti, həmçinin maşınqayırma, aqrar, əczaçılıq müəssisələrinin və sənaye parkının fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti