...

Biləsuvarda sahibkarlara güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2015 18:29 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu dekabrın 3-də Biləsuvar rayonunun İsmətli kəndində keçirib.
Biləsuvarda sahibkarlara güzəştli kreditlər verilib

Bakı. Ənvər Məmmədov - Trend:

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu dekabrın 3-də Biləsuvar rayonunun İsmətli kəndində keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Biləsuvarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, pendir istehsalı, meyvəqurutma, üzlük daşlar və dam örtükləri istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövründə 5100-ə yaxın sahibkara 211,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 11 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11 700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 466 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər, əsasən, taxılçılıq, heyvandarlıq, əkinçilik, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.

Forum çərçivəsində Biləsuvar rayonunun Təzəkənd, Bəydili və Aranlı kəndləri ərazisində güzəştli kredit ayrılmış 200 ha sahədə nar bağlarına baxış keçirilib. Son illər 1659 ha ərazidə 22 intensiv bağçılıq və tingçilik təsərrüfatının yaradılmasına 20,8 milyon manat dövlətin güzəştli kreditləri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti