...

Çexiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2016 20:38 (UTC +04:00)
Martın 3-də Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin iştirakı ilə Praqada “Azərbaycanda biznesin aparılması” başlıqlı seminar təşkil edilib.
Çexiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçirilib

Bakı. Trend:

Martın 3-də Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin iştirakı ilə Praqada "Azərbaycanda biznesin aparılması" başlıqlı seminar təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd Çexiya şirkətlərinin Azərbaycana sərmayə yatırması imkanlarının təşviq edilməsindən ibarət olub. Seminarda Çexiya Sənaye və Ticarət Nazirliyi, Çexiya İxracatın Zəmanəti və Sığortası Cəmiyyəti (EGAP) və digər dövlət qurumlarının nümayəndələri, habelə müxtəlif şirkətlərin təmsilçiləri iştirak ediblər.

Tədbirdə əsas natiqlər qismində F.Şəfiyev, Çexiya Sənaye və Ticarət Nazirliyinin Xarici iqtisadi siyasət bölməsinin rəhbəri Martin Pospişil, Çexiya Sənaye və Nəqliyyat Birliyinin vitse-prezidenti Radek Şpitsar, EGAP-ın nümayəndəsi Hana Hikelova və digərləri çıxış ediblər.

Səfir öz çıxışında ümumdünya iqtisadi böhran vəziyyəti və neft qiymətlərinin kəskin enməsi hallarına baxmayaraq, Azərbaycanın sabit şəkildə iqtisadi inkişafını davam etdirdiyini, biznes mühitinin yaxşılaşdırılması məqsədilə hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqqında bəhs edib. F.Şəfiyev Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasının əhəmiyyətinə toxunub və yerli istehsal imkanlarının perspektivləri haqqında bəhs edib.

Seminarda Azərbaycanda fəaliyyət göstərən "Ekvita" vəkillər bürosunun nümayəndəsi Anar Kərimov "Azərbaycanda biznes mühitini tənzimləyən qanunvericilikdə yeniliklər" mövzusunda çıxış edib. O, ölkəmizdə biznesin aparılması və bununla əlaqədar hüquqi təminat haqqında tədbir iştirakçılarına məlumat verib.

Digər natiqlər öz çıxışlarında Azərbaycanda münbit sərmayə mühitinin formalaşması, ölkəmizin sabit inkişafı, MDB ölkələri arasında aparıcı iqtisadi göstəricilərə malik olması, Çexiya-Azərbaycan iqtisadi və biznes əlaqələrinin inkişafı haqqında məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti