Bakı. Trend:
Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə səfərdədir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Azərbaycan parkına gələrək burada ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Azərbaycan nümayəndə heyəti Azərbaycan parkı və parkda fəaliyyət göstərən kitabxana ilə tanış olub, kitabxanaya ölkəmiz haqqında kitab bağışlayıb. Qeyd edək ki, Misirin Qəlubiyyə vilayəti ilə Azərbaycanın Abşeron rayonu qardaşlaşmış rayonlardır.
Sonra nazir Ş.Mustafayev Qəlubiyyə vilayətinin qubernatoru Məhəmməd əl Əşməui ilə görüşüb. Görüşdə Azərbaycan-Misir əlaqələrinin uğurla davam etdiyi, əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb, ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsinin önəmi diqqətə çatdırılıb, regionlararası əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmin gün Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Misirin Baş naziri Şərif İsmayıl ilə görüşdə Azərbaycanın iqtisadiyyat naziri ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb. İndiyədək ölkələrimiz arasında 50-ə qədər qarşılıqlı səfərin həyata keçirildiyini qeyd edən Ş.Mustafayev Azərbaycan nümayəndə heyətinin Misirə səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında müxtəlif sahələrdə imzalanmış 50-ə yaxın sənəd iqtisadi sahədə əlaqələrin inkişafına geniş imkanlar açır. Ölkələrimizin ticarət, investisiya, enerji, turizm, sosial və s. sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdıran iqtisadiyyat naziri əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb. Vurğulanıb ki, ticarət əlaqələri, xüsusilə də Azərbaycan məhsullarının Misirə ixracı genişləndirilə, Misir şirkətləri daşımalar zamanı Azərbaycanın tranzit potensialından - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutundan yararlana bilərlər.
Misirin Baş naziri Ş.İsmayıl Azərbaycan nümayəndə heyətinin Misirə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildirib.