...

Azərbaycan Kredit Bürosu kredit təşkilatları ilə məlumat mübadiləsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2018 17:29 (UTC +04:00)
“Azərbaycan Kredit Bürosu” (Büro) ölkədə fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları (BOKT) ilə Büroya üzvlüklə bağlı müqavilələrin imzalanması prosesini başa çatdırıb.
Azərbaycan Kredit Bürosu kredit təşkilatları ilə məlumat mübadiləsinə başlayıb

Bakı. Trend:

“Azərbaycan Kredit Bürosu” (Büro) ölkədə fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları (BOKT) ilə Büroya üzvlüklə bağlı müqavilələrin imzalanması prosesini başa çatdırıb.

Bürodan Trend-ə verilən məlumata görə, müvafiq müqavilələr kredit tarixçəsini təşkil edən məlumatların kredit təşkilatları tərəfindən Büroya təqdim edilməsi və Bürodan əldə edilməsi qayda və prosedurlarını əhatə edir.

Büro 06.03.2018-ci il tarixindən Kredit təşkilatları ilə məlumat mübadiləsinə başlayıb. Bununla əlaqədar “Kredit büroları haqqında” Qanunla müəyyən edilmiş təşkilatlara Büro ilə əməkdaşlıq məqsədilə müraciət olunmuşdur. Kredit təşkilatları ilə yanaşı, artıq ölkədə fəaliyyət göstərən 21 sığorta və 1 təkrarsığorta şirkəti ilə müvafiq əməkdaşlığı nəzərdə tutan müqavilələrin bağlanmasına nail olunmuş və yaxın müddət ərzində bütün sığorta şirkətlərinin Büronun xidmətlərindən istifadə etməsi planlaşdırılır.

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılıb.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək. Büronun baş ofisi “World business center” iş mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 43 ünvanında) yerləşir.

Xəbər lenti

Xəbər lenti