Bakı. Trend:
2024-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 408,282 milyon ABŞ dolları təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib.
Onun sözlərinə əsasən, göstərici illik müqayisədə 1,63 faiz artıb.
"Yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycandan pul köçürmələri üzrə ilk beşliyə Türkiyə – 118,09 milyon dollar, ABŞ – 44,991 milyon dollar, Rusiya – 44,292 milyon dollar, Gürcüstan – 36,082 milyon dollar və Böyük Britaniya – 22,02 milyon dollar daxildir", – deyə o vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin ümumi həcmi 550,126 milyon ABŞ dolları təşkil edib.