Əbu-Dabidə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin işgüzar şəxsləri arasında biznes-forum keçirilib. Trend in Azərbaycan İxracın və İvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına istinadən xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin və BƏƏ-nin iqtisadiyyat naziri Şeyx Lubna Bin Xalid Əl-Qassiminin iştirakı ilə keçirilmiş tədbirdə hər iki ölkədən 50-dən çox iş adamı iştirak edib.
Biznes-forum Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə BƏƏ-dəki səfirliyinin təşəbbüsü və AZPROMO-nun təşkilati dəstəyi ilə təşkil olunub.
Təbrik nitqi ilə çıxış etmiş İlham Əliyev və BƏƏ-nin iqtisadiyyat naziri iki ölkə arasında əməkdaşlıq praktikasını yüksək qiymətləndirib. Onlar əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bəyan edib.
Biznes-forum əsasən konkret əməkdaşlıq üçün layihələri müzakirə etmiş iki ölkənin iş adamları arasında birbaşa danışıqların aparılmasına həsr olunub. Biznes-forumda Azərbaycandan 20-dən çox iş adamı iştirak edib.