Azərbaycan, Bakı, 02 iyun/ Trend / Beş il ərzində Türkiyənin Petkim neft-kimya holdinqinin inkişafına $20 mlrd. yatırmaq nəzərdə tutulur. Bu barədə Türkiyə PAGEV-nin rəhbəri Səlcuq Aksoy məlumat verib. PAGEV Türkiyədə plastik məhsullar istehsalçılarının araşdırılması, inkişafı və öyrədilməsi orqanıdır. Aksoyun sözləri Petkim holdinqinin rəsmi saytında öz əksini tapıb.
Onun sözlərinə görə, Petkim Türkiyənin plastik sektoru üçün texnoloji və ticarət baxımından böyük dəstək olub.
"Lakin bizim bugünkü tələbatı tam ödəyə bilməməyimizlə əlaqədar, bu sahədə ciddi rəqabət üçün şərait lazımdır. Neft-kimya holdinqinin özəlləşdirilməsi Petkim-də də, plastik məhsullar istehsalı sahəsində də işləri sürətləndirəcək", - Aksoy bildirib.
Türkiyənin özəlləşdirmə üzrə idarəsinin rəhbəri Metin Kilçi bildirib ki, ölkənin hazırda $7 mlrd. təşkil edən neft-kimya sektoru illik orta hesabla, 11 faiz artımla 2015-ci ilə $15 mlrd.-dək artacaq.
Kilçi Petkim-in tələbatın yalnız 28 faizini ödəyə bildiyini qeyd edib və əlavə edib ki, 2010-cu ilədək kifayət qədər sərmayə yatırılmadığı halda, Petkim-in bazardakı payı 14 faizədək azala bilər.
"Hər halda, bizim ölkəmiz 2015-ci ilədək hər il $10 mlrd. dəyərində neft-kimya məhsulları idxal edəcək", - Kilçi bildirib.
Mayın 30-da Türkiyədə ölkənin Petkim neft-kimya holdinqinin səhmlərinin 51 faizinin verilməsi mərasimi keçirilib. Səhmlər SOCAR (Azərbaycanın Dövlət Neft Şirkəti)/Turcas Petrol/Injaz Projects şirkətlər alyansı tərəfindən əldə edilib. Alyans səhmlərin 51 faizini $2,04 mlrd.-a alıb. Müəssisənin bazasında kömür və qazla işləyəcək iki elektrik stansiyası tikiləcək.
SOCAR/Turcas/Injaz-ın Petkim-istehsalat imkanlarının müasirləşdirilməsinə investisiyaları bu müəssisənin Türkiyə bazarındakı rolunu hazırki 27 faizdən 40 faizədək artıracaq. Hazırda Türkiyə lazımi kimya məhsullarının 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkim-in inkişafına sərmayələri məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək. Hər il Türkiyə bazarında kimya məhsullarına olan təlabat 12 faizədək artır.
SOCAR/Turcas/Injaz Türkiyədə, Petkim-in istehsalat obyektlərinin yaxınlığında kimya müəssisələrini xammala təmin etmək üçün NEZ tikmək niyyətindədir. NEZ-in güman edilən illik emal gücü 6 mln. ton neft təşkil edəcək.
Petkim plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]