Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir A.Bədəlova/ Xəzər hövzəsi Şimal dənizi ehtiyatları ilə müqayisə edilə biləcək qədər nəhəng neft və qaz resurslarına malikdir. Bu barədə çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda keçirilən "Neft və Qaz, Neft emalı və Neft kimya" 15-ci beynəlxalq yubiley konfransında çıxış edərkən bildirib. Sərgi və konfrans "Iteca Caspian" şirkəti tərəfindən təşkil edilib.
"Bu qədər həcmdə resurslarla Xəzər hövzəsi bir çox ölkələr, xüsusən Avropa üçün daha maraqlı olacaq", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan ehtiyatların dəqiq qiymətləndirilməsini aparmalıdır. Çünki ölkə bir çox layihələri reallaşdırmağı planlaşdırır.
"Bu gün Azərbaycan üçün Xəzərlə əlaqədar enerji səmərəliliyi mühüm rol oynayır. Əsas problem ondan ibarətdir ki, Azərbaycan malik olduğu resurslardan nə dərəcədə səmərəli istifadə edəcək", - deyə Əliyev bildirib.
ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin məlumatına görə, Xəzərin sübut edilmiş ehtiyatları 17 mlrd. ilə 49 mlrd. barr. aralığında dəyişir, çıxarılan qaz ehtiyatları isə 232 trln. kub futdur. BP tərəfindən hazırlanan "Statistical Review of World Energy-2007"nin məlumatına görə, Azərbaycanda sübut olunan neft ehtiyatları 7 mlrd. barr. təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]