...

ARDNŞ-nin "Qara dəniz terminalı" neft daşımalarını artırıb

Energetika Materials 8 İyul 2010 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Gürcüstanın Meqreli regionunda yerləşən ARDNŞ-yə məxsus Kulevi "Qara dəniz terminalı" yanvar-iyun ayları ərzində 1,61 milyon ton neft və neft məhsulları qəbul edib.

Məlumatda deyildiyinə görə, bu ilin may ayında məhsulların, xüsusilə də xam neft axınının kəskin artımı müşahidə olunub. Bu, may ayından etibarən "Tengiz" yatağından hasil edilən xam neftin nəqli ilə bağlıdır.

Eləcə də iyun ayında terminal 393 min ton neft məhsulları qəbul edib, 440 min ton isə yola salıb.

Bundan əvvəl Gürcüstan hökumətinin məlumatında göstərildiyi kimi, 2009-cu ildə Kulevi neft terminalı 2008-ci ildəki 1,3 milyon tonla müqayisədə 2,1 milyon ton neft yükləyib. Ötən il terminalda 99 gəmi yüklənilib. 2008-ci ildə bu rəqəm 65 gəmi olub.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsü nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti