...

Azərbaycan Rabitə Nazirliyi "Azerspace" peykinin buraxılması üçün müqavilənin hazırlanmasını başa çatdırır

Energetika Materials 21 Oktyabr 2010 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azerspace" ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması üçün raketdaşıyıcı sahibi ilə müqavilənin imzalanmasına dair lazımi sənədlərin hazırlanması üzrə işləri başa çatdırır. Bu barədə cümə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Abbasovun sözlərinə görə, "Azerspace"in tikintisi və buraxılması üzrə işlər müəyyən edilmiş plana uyğun gedir və bu prosesdə yaranan problemlər yalnız peykin orbitə buraxılma müddətinə bir qədər təsir edə bilər. Ümumilikdə, plana əsasən, "Azerspace" 2012-ci ildə orbitə çıxarılacaq, 2013-cü ildən etibarən ölkə dünya kosmik bazarında peyk xidmətləri göstərə biləcək.

"Azerspace" telekommunilkasiya peyki rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. "Azerspace" peyki C diapazonlu 24 transponderlə (tezlik zolağı 4-6 ghz) və Ku diapazonlu 12 transponderlə (tezlik zolağı 11-13 ghz) təchiz olunacaq. Peykin orbitdə istismar müddəti 20 ilə qədər təşkil edəcək.

İndi nazirlik raket daşıyıcıları istehsalçı şirkətlərin təkliflərinin qiymətləndirilməsi üzrə işlər görür. Onlar arasında "ILS", "Arianespace", "SpaceX" və "Ukroboronservis" şirkətləri var.

Nazirliyin hesablamalarına görə, yaradılmasına 319 milyon dollar vəsait sərf olunması planlaşdırılan peykin (bunun 127 milyon manatı peykin istismar xərcləridir) öz xərcini 6 ilə çıxaracağı nəzərdə tutulub. "Azerspace" milli telekommunikasiya peykinin buraxılışından əldə edilən gəlirlər 495 milyon, mənfəət isə 176 milyon manat təşkil edəcək. Əldə olunan gəlir ölkənin texniki inkişafına sərf ediləcək.

Xəbər lenti

Xəbər lenti