Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Bədəlova/
Beynəlxalq Enerji Agentliyi (BEA) dünyada neftə olan tələbatın 2011-ci ildə sutkada 1,4 milyon artaraq sutka ərzində 89,4 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.
BEA-nın məruzəsində deyilir ki, agentliyin 2011-ci il üçün karbohidrogenlərə olan dünya tələbatı üzrə proqnozu dəyişməsə də, neftin yüksək qiymətləri azalma riskinə səbəb olacaq.
Agentliyin qiymətləndirməsinə əsasən, fevralda dünyada neft tədarükü sutka ərzində 0,2 milyon barel artaraq 89 milyon barelə çatıb. OPEK-ə daxil olmayan ölkələrdə neft tədarükünün həcmi sutka ərzində 0,3 milyon barel artaraq 53,2 milyon barelə çatıb.
BEA OPEK-ə daxil olmayan ölkələrin neft tədarükünün sutkada 0,1 milyon barel artaraq 53,6 milyon barelə çatacağını proqnozlaşdırır.
Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə əsasən, fevralda OPEK-in neft hasilatı sutka ərzində 95 min barel azalaraq 30,05 milyon barelə çatıb. Məruzədə deyildiyinə görə, sutkalıq 200 min barel həcmində Liviya neftinin aylıq çatışmazlığı Fars körfəzi ölkələrində yüksək hasilat hesabına qismən ödənilib.