Azərbaycan, Bakı, 7 dekabr /Trend/
ARDNŞ prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da səfərdədir.
Trend-in çərşənbə günü ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, ABŞ-ın bir neçə şəhərində şirkətin perspektiv layihələri ilə əlaqədar mühüm görüşlərin keçiriləcəyi bu səfər Texas ştatından başlanıb. ARDNŞ prezidenti və onu müşayiət edən şəxslər Hyuston şəhərində neft mühəndisliyi istiqaməti üzrə bütün dünyada məşhur olan Texas A&M Universitetinin prorektoru Çad Vuttonla görüşüblər. Görüşdə Bakı Ali Neft Məktəbinin yaradılması istiqamətində ARDNŞ tərəfindən aparılan işlərdən danışılıb, bu məqsədlə bütün dünyada tanınmış mühəndislik universitetlərinin təcrübəsi ilə tanış olub mümkün əməkdaşlıq imkanlarının araşdırıldığı qeyd edilib. Abdullayev son illər müasir biliklərə yiyələnmiş gənc neftçi mütəxəssislərin hazırlanması istiqamətində ARDNŞ-də həyata keçirilən kadr hazırlığı proqramları haqqında ətraflı məlumat verib, bu sahədə dünyanın aparıcı universitetləri ilə sıx əməkdaşlıq münasibətləri qurulduğunu söyləyib. O, ARDNŞ-nin ölkə xaricində, xüsusilə Avropada irihəcmli investisiya layihələri gerçəkləşdirdiyini vurğulayaraq, beynəlxalq bazarlarda özünə layiqli yer tutması üçün şirkətdə yüksək intellektual potensiala malik, müasir tələblərə cavab verən mütəxəssislərə ehtiyac duyulduğunu bildirib.
Bakı Ali Neft Məktəbinin məhz bu məqsədə xidmət edəcəyini deyən ARDNŞ prezidenti bu sahədə mühəndis ixtisasları üzrə beynəlxalq nüfuz qazanmış universitetlərlə ortaq proqramlar həyata keçirilməsini qarşıda duran başlıca vəzifələrdən biri kimi səciyyələndirib. Abdullayev artıq 35 ildir, Bakı ilə qardaşlaşmış şəhər olan Hyustonda yerləşən Texas A&M Universitetindəki neft mühəndisliyi fakültəsi ilə birgə fəaliyyət üçün böyük imkanlar yarandığını bildirib.
"Biz Texas A&M Universitetinin standartlarını Bakıda tətbiq etmək istəyirik", - o deyib.
Universitet haqqında ətraflı məlumat verən Vutton qeyd edib ki, Amerikanın ən yaxşı 10 universitetindən biri olan A&M Universitetində 370-dən artıq mühəndislik fakültəsi fəaliyyət göstərir. Amerikada ən böyük neft mühəndisliyi fakültəsinə malik universitetin prorektoru qeyd bildirib ki, ARDNŞ ilə əməkdaşlıq üçün çoxsaylı imkanlar mövcuddur. O, ilk addım kimi fakültə təmsilçilərinin proqram və standartların hazırlanmasında iştirak etməsini, sonradan müəllim və tələbə mübadilələri aparılmasını və əməkdaşlığın daha yüksək mərhələlərinə keçilməsini mümkün hesab edib.
Görüşdə A&M Universitetinin nümayəndə heyətinin ARDNŞ-nin dəvəti ilə Bakıya səfər etməsi haqqında ilkin razılıq əldə olunub.
Daha sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev Texas ştatının paytaxtı Ostin şəhərinə gələrək, bu ştatın qubernatoru Rik Perri ilə görüşüb. Görüşdə Bakı Ali Neft Məktəbinin yaradılması haqqında Texas qubernatoruna məlumat verilib, yeni təhsil ocağının yaranma səbəblərindən danışılıb, bu sahədə A&M Universitetinin ARDNŞ ilə birgə fəaliyyətə cəlb olunması məsələsinin dəstəklənməsi xahiş olunub. Perri ARDNŞ rəhbərliyinin təkliflərinə tam dəstək veriləcəyini deyib.