Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Cənubi Qafqazda nüvəsiz zonanın yaradılmasını təklif edir. Belə təşəbbüslə çərşənbə günü Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çıxış edib. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.
Mətbuat xidmətinin rəhbəri Azər Mənsimlinin sözlərinə görə, nazir regionun bütün ölkələrinə təhlükə yaradan "Metsamor" AES-in fəaliyyəti ilə bağlı Azərbaycanın narahatlığını Gürcüstan nümayəndə heyətinin diqqətinə çatdırıb.
Gürcüstana bu AES-in bağlanmasına görə Azərbaycanla birlikdə çıxış etmək təklif edilib. Təklif Gürcüstan parlamentinin vitse-spikeri tərəfindən dəstəklənib. Vitse-spiker qeyd edib ki, Tbilisiyə qayıtdıqdan sonra təklifi dövlət strukturları və ictimaiyyətin diqqətinə çatdıracaq.
Tərəflər, həmçinin enerji, birgə layihələrin inkişafı sahəsində, strateji əməkdaşlıq və onun perspektivlərini müzakirə ediblər.