...

Azərbaycan və Yaponiya enerji səmərəliliyi üzrə əməkdaşlığa hazırdırlar

Energetika Materials 26 Yanvar 2016 20:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Energetika Nazirliyində energetika nazirinin müavini Natiq Abbasovun iştirakı ilə Yaponiyanın strateji tədqiqatlar və məsləhətçi xidmətləri ilə məşğul olan IBT Korporasiyasının prezidenti Seiçi Nobuharla görüş keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Nobuhar Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin təşəbbüsü ilə Azərbaycana reallaşan səfərinin məqsədləri barədə danışıb. Bu səfərin, əsasən, iki ölkə arasında enerji və infrastrukturun inkişaf etdirilməsi sahəsində gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, IBT Korporasiyası Yaponiyada bir sıra dövlət strukturlarının mühüm layihələrini həyata keçirir. Bu qurumlara enerji ehtiyatlarının istifadəsi, İKT, infrastrukturun inkişafı, sərmayə qoyuluşu və digər sahələr üzrə məsləhətlər verir.

Azərbaycanla Yaponiya arasında əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirən N.Abbasov deyib ki, neft-qaz sahəsində Yaponiyanın "Itochu", "Inpex", "Mitsui" şirkətlərinin iştirakı, eləcə də Yaponiya hökumətinin krediti vasitəsilə Azərbaycanda "Şimal" elektrik və "Şimal-2" qaz-buxar elektrik stansiyalarının tikintisi bu əməkdaşlığın bariz nümunələridir. Nazir bildirib ki, hazırda ölkənin prioritet istiqamətlərindən biri enerjidaşıyıcıların istehsalı və satışı zamanı yol verilən itkilərin azaldılması ilə enerji səmərəliliyinə nail olmaqdır. Enerji səmərəliliyi isə ilk növbədə köhnə elektrik enerjisi paylayıcı şəbəkəsinin bərpası və yenidən qurulması ilə bağlıdır ki, bu da elektrik enerjisinin təchizatının etibarlığını artıracaq, paylayıcı şəbəkələrdə itkiləri azaldacaq. Məhz bu istiqamətdə Yaponiya şirkətləri ilə əməkdaşlığa, onların təcrübəsindən bəhrələnməyə ehtiyac var.

Görüşdə bu məsələ ilə bağlı gələcəkdə görülə biləcək işlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti