...

Xəzərdəki neft-qaz yataqlarında ekoloji monitorinq başlanıldı

Energetika Materials 17 May 2016 14:21 (UTC +04:00)
SOCAR-ın Şurası tərəfindən təsdiq olunmuş 2016-cı il üzrə illik iş planına əsasən Ekologiya İdarəsi tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında ekoloji monitorinqlərə start verilmişdir.
Xəzərdəki neft-qaz yataqlarında ekoloji monitorinq başlanıldı

Bakı. Trend:

SOCAR-ın Şurası tərəfindən təsdiq olunmuş 2016-cı il üzrə illik iş planına əsasən Ekologiya İdarəsi tərəfindən Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarında ekoloji monitorinqlərə start verilmişdir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu məqsədlə Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən may ayında N.Nərimanov adına NQÇİ-nin istismarında olan "Səngəcal-Duvvanı-Xərə-Zirə" və "Ələt dəniz" yataqlarında "MPK-452" gəmisi vasitəsi ilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilmişdir. Monitorinqlər zamanı seçilmiş stansiyalarda Niskin tipli batometr vasitəsilə su nümunələri götürülmüş, gəminin laboratoriyasında "Professional Plus" çoxrejimli analitik cihaz vasitəsi ilə su nümunələrində hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur təyin olmuşdur. Alınmış fiziki-kimyəvi nəticələrin Xəzər dənizi üçün xarakterik göstəricilər həddində olduğu müəyyən edilmişdir.

Bundan başqa "Van Veen" dibcarpanı vasitəsi ilə bioloji tədqiqatlar üçün dib çöküntüləri, bentos nümunələri, eləcə də dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülmüş, tədqiqat gəmisinin laboratoriyasında emal edilmiş, qablaşdırılmış və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilmişdir.

Hazırda ekoloji monitorinq işləri SOCAR-ın digər dəniz yataqlarında da davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti