...

TAP ilk genişlənmə mərhələsini başladır

Energetika Materials 30 Yanvar 2023 16:38 (UTC +04:00)

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu ilk genişlənmə mərhələsini başladır.

Trend bu barədə konsorsiuma istinadən xəbər verir.

Məlumatda deyildiyi kimi, konsorsium 2026-cı ildən başlayaraq uzunmüddətli müqavilələr çərçivəsində ildə 1,2 milyard kubmetr əlavə enerji hasil edəcək.

"TAP-ın genişlənməsi üzrə enerji imkanları mütəmadi bazar testləri vasitəsilə təklif edilir.

TAP-ın ilkin ötürmə gücü mərhələli şəkildə minimum ildə 20 milyard kubmetr səviyyəsinə qədər artırıla bilər", - TAP AG bildirib.

Bazar testinin ikinci mərhələsinin 2023-cü ildə aparılacağı gözlənilir, maraqlı tərəflər müraciət edə bilərlər. TAP konsorsiumu boru kəmərinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək ikiqat artırılmasına çalışır.

"TAP-ın ötürmə gücünün genişləndirilməsinə başladığımız üçün şadıq. Bu enerji imkanlarını mərhələli şəkildə ildə minimum 20 milyard kubmetrədək tədricən artırmaq mümkündür. Avropada tədarüklərin etibarlılığını və bazar likvidliyini daha da artırmaq üçün bazar sınaqlarının ikinci mərhələsini ilin ikinci yarısında başlatmaq niyyətindəyik", - TAP-ın idarəedici direktoru Luka Skyepatti deyib.

"Regionda uzunmüddətli dayanıqlılığa nail olmaq və "təmiz" enerjiyə keçidi təmin etmək üçün yeni hidrogen və digər bərpa olunan qaz həcmləri də TAP-ın ötürmə gücünün genişləndirilməsi hesabına nəql oluna bilər", - o əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti