...

Azəri-Çıraq-Günəşli blokunda ACE platformasının tikintisinə qoyulan investisiyaların həcmi açıqlanıb (FOTO)

Energetika Materials 10 Aprel 2023 11:36 (UTC +04:00)
Azəri-Çıraq-Günəşli blokunda ACE platformasının tikintisinə qoyulan  investisiyaların həcmi açıqlanıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bugünədək "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda "Mərkəzi Şərqi Azəri" (ACE) platformasının layihəsinin icrasına 2,9 milyard dollar investisiya qoyulub.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Mərkəzi Şərqi Azəri" layihəsinin baş mexaniki Şükür Sadıxov platfomaya təşkil olunan mediaturda deyib.

Onun sözlərinə görə, platformadan əlavə olaraq gündəlik 100 min barel neft hasil etmək olacaq. Bütünlükdə bu platformanın köməyilə 300 milyon barel neft hasil etmək planlaşdırılır.

"İlk neftin 2024-cü ilin birinci rübündə hasil edilməsi gözlənilir. Həmçinin qeyd etmək istəyirəm ki, layihənin dəyəri altı milyard dollar təşkil edir və bugünədək artıq 2,9 milyon dollar investisiya qoyulub", - o deyib.

Tikinti sektorunun rəisi Faiq Nemətov isə öz növbəsində neft-qaz ixracı üzrə layihə çərçivəsində boru kəmərlərinin tikintisinin 94 faiz tamamlandığını qeyd edib.

Boru kəmərləri və platformanın üst hissələrinin tikintisi şöbəsinin rəhbəri Vaqif Xəlilov isə platformanın üst hissələrinin dənizə 2023-cü ilin üçüncü rübündə yola salınacağını qeyd edib.

"Onlar əvvəlcə quruda yığılacaq. Qeyd edim ki, bu işlərin 90 faizdən çoxu tamamlanıb və artıq sınaq işləri görülür", - o əlavə edib.

Bundan başqa, ACE platformasının tikintiyə nəzarət şöbəsinin rəhbəri Ruhəli İmanovun sözlərinə görə, ACE platformasının boru kəmərlərinin Sanqaçal terminalı ilə birləşdirilməsi bu ilin ikinci rübünə planlaşdırılıb.

"Bu, Xəzər dənizindəki yeganə platformadır ki, əməliyyat proseslərinə qurudan nəzarət edilir", - o əlavə edib.

6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunması proqnozlaşdırılır. Platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək və idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti