Bakı. Trend:
Bu gün bp "Shafag Jabrayil Solar Limited" (SJSL) şirkətinin 10% iştirak payının "MVM Energetika Zrt." (MVM) şirkətinə satıldığını elan edib.
Trend bp-yə istinadən xəbər verir ki, bununla bp-nin Cəbrayıl rayonunda həyata keçirdiyi mühüm günəş enerjisi layihəsini maliyyələşdirən birgə müəssisədəki tərəfdaşlıq daha da güclənmiş olur.
Beləliklə, Şəfəq günəş enerjisi layihəsində paylar indi belədir: bp 40.01%, "SOCAR Green" 39.99%, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 10% və MVM 10%.
Qeyd edilib ki, 240 MVt gücündə olan bu günəş enerjisi layihəsinin ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi və bununla Səngəçal terminalının elektrikləşdirilməsi layihəsinə dəstək verəcəyi gözlənilir.
“Şahdəniz layihəsindəki uğurlu əməkdaşlığımızın davamı olaraq MVM şirkətinin Şəfəq günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə qoşulmasından çox məmnunuq. MVM bu layihəyə enerji sistemlərinin istismarı və ötürülməsinin idarə edilməsi sahəsində öz geniş təcrübəsi ilə gəlir. İnanırıq ki, onların bu birgə müəssisəyə qoşulması ilə elə bir əməkdaşlıq nümunəsi yaranır ki, orada biz layihənin ümumi dəyərini, dayanıqlılığını və uzunmüddətli fəaliyyətini daha da artırmaq məqsədilə bir-birimizdən öyrənə bilərik”, - bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib.
Məlumatda vurğulanıb ki, “Şəfəq” günəş enerjisi layihəsi ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib - layihə üzrə əsas müqavilələr imzalanıb, tikinti işləri artıq başlayıb və panellərin ölkəyə gətirilməsi qrafikə uyğun davam edir. Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir - işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Məlumata əsasən, tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa olunan bu 240 MVt gücündə stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir.
Qeyd edək ki, “Şəfəq” günəş enerjisi layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
