Bakı. Trend:
Beynəlxalq enerji şirkəti “Gran Tierra” 2026-cı ildə hava kəşfiyyatı işlərinə başlamağı, daha sonra isə 2027-ci ildə seysmik tədqiqatlar aparmağı və quyular qazmağı planlaşdırır.
Trend şirkətə istinadən xəbər verir ki, bu tədbirlərin şirkətin əməliyyat fəaliyyətindən proqnozlaşdırılan xalis pul axını hesabına maliyyələşdirilməsi planlaşdırılır.
İşlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanmış, Azərbaycanın Quba-Xəzəryanı regionunda yerləşən perspektivli qurudakı sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində həyata keçiriləcək.
Qeyd olunur ki, Azərbaycan dünyanın ən iri ənənəvi neft və qaz yataqlarına malik, dünya səviyyəli region hesab olunur.
Məlumata görə, müqavilə zonası uzunluğu təxminən 65 km olan və 100 milyon bareldən çox neft, eləcə də 200 milyard kub futdan artıq təbii qaz hasil etmiş strukturu əhatə edir ki, bu da Azərbaycanın neft-qaz sisteminin miqyasını və keyfiyyətini təsdiqləyir.
“Gran Tierra kəşfiyyat, qiymətləndirmə, işlənmə və optimallaşdırma sahəsində sınaqdan çıxmış təcrübəsini tətbiq edə biləcək, şirkətin əsas texniki və əməliyyat imkanlarını Avropa bazarlarına strateji çıxış və aydın, kapital baxımından səmərəli işlənmə planları ilə birləşdirəcək.
Şirkət Müqavilə Zonasında 65 faiz iştirak payı (“WI”) və operator statusu əldə edib. Bu zona ümumi olaraq təxminən 0,4 milyon akr ərazini əhatə edir ki, bu da şirkətin Ekvadordakı mövcud sahəsindən iki dəfədən çoxdur.
Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişinin (Exploration, Development and Production Sharing Agreement, EDPSA) müddəti kəşfiyyat və qiymətləndirmə üçün 5 il, iqtisadi cəhətdən məqsədəuyğun hesab edilən hər hansı kəşfin işlənməsi üçün isə 25 ildir və işlənmə mərhələsinin əlavə 5 il uzadılması imkanı mövcuddur”, – deyə şirkət bildirib.
Vurğulanır ki, kəşfiyyat dövrü ilkin üçillik mərhələdən və onun ardınca gələn ikinci ikiillik mərhələdən ibarətdir:
“İlkin mərhələdə qravitasiya tədqiqatının aparılması, iki quyunun qazılması və 250 km² həcmində 3D seysmik məlumatların toplanması planlaşdırılır. İkinci mərhələdə əlavə iki quyunun qazılması və daha 250 km² 3D seysmik məlumatların əldə edilməsi nəzərdə tutulur. İlkin mərhələnin tamamlanmasından sonra şirkətin ikinci mərhələyə keçmək hüququ var.”
Xatırladaq ki, 19 fevral 2026-cı il tarixində SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Azərbaycanın Quba-Xəzəryanı regionunda yerləşən perspektivli qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.
