2006-cı ilin yanvar-may aylarında Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Agentliyi 16 632 elektrik sayğacını sınaqdan keçirib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyunun 9-da agentliyin rəhbəri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, bu müddətdə 156 108 qaz və 8 520 su sayğacı da yoxlanılıb.
Agentliyin rəhbəri vurğulayıb ki, bu sayğaclarla bağlı çoxlu sayda şikayətlər daxil olur. Misal üçün, Barmek Azerbaijan şirkətinin sayğacları standartlara cavab vermir, onların 100-ündən 10-u belə sınaqdan keçmir. Sayğaclar istifadə olunmuş enerjininin həcmini olduğundan çox göstərir.
"Burada sayğacların daşınma şərtləri böyük rol oynayır" - deyə R.Həsənov əlavə edib.