...

İtaliyanın səfiri: Enerji tədarüklərinin diversifikasiyası siyasətin diversifikasiyası olmadan mümkün deyil

Energetika Materials 24 Yanvar 2007 16:35 (UTC +04:00)

Karbohidrogenlərin enerji tədarüklərinin diversifikasiyası məsələsi bu gün Avropada ən əsas və müzakirə edilən məsələlərdən biridir. Xəzər hövzəsi ölkələri yaxın gələcəkdə alternativ neft və qaz tədarükləri təmin olunmasında AB-yə xeyli yardım edə bilərlər.
Xəzər ölkələrindən Avropaya alternativ neft və qaz tədarükləri məsələləri Trend in Astanadakı xüsusi müxbirinin İtaliyanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Bruno Antonio Paskuino ilə eksklüziv müsahibəsinin mövzusu oldu:

- Avropaya neft və qaz tədarüklərinin diversifikasiyası məsələsi üzrə İtaliya hökumətinin mövqeyi necədir?

- Marşrutların diversifikasiyası məsələsi bu gün yalnız Avropanı deyil, həm də Qazaxıstanı narahat edir. Bu yaxınlarda mən yeni xarici işlər naziri Marat Tajinlə görüşdüm və o dedi: Your purpose - our dream (Sizin məqsədiniz- bizim arzumuzdur), çünki Qazaxıstan nefti və qazının əsas həcmləri bu gün Rusiyadan gəlir. Lakin, mənim fikrimcə, bu gün vəziyyət belədir ki, enerji tədarüklərinin diversifikasiyası siyasətin diversifikasiyası olmadan mümkün deyil. Özünüz deyin, siyasi qərar olmadan heç bir enerji məsələsini həll etmək mümkün deyil.
Misal kimi, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsini göstərmək olar. Bu, ilk neft kəməridir ki, Rusiya, Belarusiya və Ukraynanın yanından ötüb keçir. Lakin Xəzərin dibi ilə Qazaxıstan neftinin "Kaşaqan"dan 2009-cu ildə BTC-yə daxil ola biləcəyi neft və qaz kəmərinin inşası birbaşa siyasi qərardan asılıdır. Bu qərarı beş Xəzəryanı dövlət verməlidir.
Qazaxıstanın müstəqillik əldə etdiyi vaxtdan 15 il keçib, lakin Xəzərin bölüşdürülməsi problemi indiyədək həll olunmayıb. Məhz buna görə İtaliya enerji tədarüklərinin diversifikasiyası məsələsi ilə birgə siyasətin diversifikasiyası məsələsini də qaldırır. İkinci olmadan birinci məsələni həll etmək olmaz.
Və burada, ən əsası alternativ yolların axtarışında Avropa və Qazaxıstanın maraqlarının üst-üstə düşməsidir. İtaliyada deyirlər ki, əgər problemlə üzləşirsənsə, sən onun həlli üçün ürəyini açmalısan. Yəni əgər səy göstərməsən və cəhd etməsən, problemlər hər zaman qalır. Və artıq onların aradan qaldırılması üçün işə başlamağa lazımdır.

- Ekologiya mövzusuna toxunaraq, "Kaşagan"dan ilk neftin alınmasının təxirə salınmasının səbəbinin nə olduğunu soruşmaya bilmərəm.

- Mən iki ay ərzində Qazaxıstanda səfir işlədiyim müddətdə iki dəfə yataqda oldum. Və mütəxəssislərin sözlərinə görə, bunun iki səbəbi var:
- birincisi - coğrafi səbəbdir, yəni fiziki cəhətdən neft və qazın harada yerləşdiyini dəqiq şəkildə müəyyənləşdirmək lazımdır. Bu, dünyada ən böyük yataqdır və indiyədək onun harada, yəni sahildə və ya dənizdə yerləşdiyini müəyyən edə bilmirik. Yatağın üzərində suyun səviyyəsi çox aşağı - cəmi 4 metrdir və orada dəniz platformasını müəyyənləşdirmək mümkün deyil. Lakin yataq torpaqda da yerləşmir. Və ona görə də konsorsium böyük və etibarlı adalar tikməlidir və onların hər birində ən azı 600-700 nəfər, evlər və qazma mexanizmləri olmalıdır. Yerli iqlimdə ada düzəltmək - buzun olmaması üçün yalnız mənfi 20 dərəcədən aşağı olmayan temperaturda mümkündür. Bir sözlə, bu, əzəmətli tikintidir.
-ikincisi - sulfid qazının yüksək qatılığıdır. 0,9% - öldürücü dozadır, burada isə o, 20%-dən çoxdur. Yəni bütün işlər əməkdaşlar üçün maksimal təhlükəsizliyə riayət olunmaqla həyata keçirilməlidir. Və söhbət yalnız personaldan deyil, orada yaşayan bütün əhalidən gedir. Cüzi sızma bütün Atırau şəhərinin ölümünə səbəb ola bilər.
Agip KCO şirkətinin rəhbərlik etdiyi ENI-nın etibarı bundan ibarətdir ki, o, təhlükəsizlik qaydalarına hamıdan çox riayət edən şirkət kimi dünyada məşhurdur. Gecik, lakin əmin ol ki, işlər bütün qaydalara uyğun həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti