Bakı. Trend:
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın ödəniş balansının cari əməliyyat hesabının profisiti açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.
"Bu ilin 9 ayının nəticələrinə görə, cari əməliyyatların profisiti 6,7 milyard dollar olub və bu ümumdaxili məhsulun 12,5 faizini təşkil edir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, profisit ötən ilin analoji dövrü ilə müqayisədə 62,3 faiz azalıb ki, bu da beynəlxalq bazarlarda neft və qaz qiymətlərinin ucuzlaşması ilə əlaqəlidir.
"Ötən il satılan Azərbaycan neftinin bir barrelinin qiyməti 107 dollar idisə, bu ilin doqquz ayı ərzində bu rəqəm 83 dollar olub", - deyə S.Nəsirov əlavə edib.
O həmçinin, neft və qaz qiymətlərində dəyişikliyin bütün ölkələrə təsir göstərdiyini vurğulayıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)