Bakı. Trend:
COP29-a hazırlıq çərçivəsində Azərbaycanda mina əleyhinə fəaliyyət xüsusən vacibdir.
Trend xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışında deyib.
"Azərbaycan hökumətinin COP29-a hazırlaşdığı zamanda mina əleyhinə fəaliyyətlə əlaqəli ekoloji problemin və daha geniş iqlim dəyişmələri probleminin həllinə sadiqlik heç vaxt olmadığı qədər daha aktualdır. Beləliklə, bugünkü konfrans və qarşıdakı COP29 bir-biri ilə sıx əlaqəlidir, çünki hər ikisi ekoloji dayanıqlılıq və iqlim dəyişmələrinə dayanıqlılıq üçün transformativ tədbirlərə fokuslanıb", - o deyib.
İ.Jivkoviç qeyd edib ki, innovasiyalar minatəmizləmə üzrə irəliləyişin sürətləndirilməsinin açarıdır. Onun sözlərinə görə, məsafədən zondlama, süni intellekt, pilotsuz uçuş aparatları sahəsində nailiyyətlər və digər yeniliklər yerüstü minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üsullarında inqilab edib.
"Bu texnologiyalar nəinki təhlükəsizliyi və səmərəliliyi artırır, həm də gələcək minatəmizləmə əməliyyatları zaçamanı ətraf mühitə təsiri minimuma endirir", - deyə o əlavə edib.
O, həmçinin, qeyd edib ki, yerüstü minalar və digər partlayış təhlükəli müharibə qalıqları insanlara ölçüyəgəlməz dərəcədə zərər yetirməyə davam etməklə sülh və təhlükəsizlik üçün davamlı təhdid təşkil edir.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.
(Tərcümə: Rəna Əbdürəhmanova)