Bakı. Trend:
Son onilliklər ərzində iqlim dəyişikliyi qlobal səviyyədə ən çox müzakirə olunan və aktual problemlərdən birinə çevrilib. İqtisadi artım, sənayeləşmə və əhalinin sayının artması istixana qazlarının emissiyalarının əhəmiyyətli dərəcədə artmasına səbəb olub ki, bu da planetdə iqlim şəraitində dəyişikliklərlə nəticələnir. Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin və ölkələrin bu sahədə öhdəliklərinin icrasına nəzarət mexanizmlərinin işlənib hazırlanmasının zəruriliyini qəbul edib.
Bu mübarizədə əsas vasitələrdən biri 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində qəbul edilmiş Paris sazişi oldu. Paris sazişi qlobal istiləşməni 2°C-dən aşağı saxlamağı və potensial olaraq 1,5°C ilə məhdudlaşdırmağı hədəfləyir. Bu saziş çərçivəsində hər bir iştirakçı ölkə emissiyaların azaldılması və iqlim dəyişikliyinə adaptasiya üzrə səyləri əks etdirən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) hazırlamağı və həyata keçirməyi öhdəsinə götürür. Lakin qoyulan məqsədlərə çatmaq üçün təkcə iddialı planlar hazırlamaq deyil, həm də onların icrasına effektiv nəzarət etmək lazımdır.
İqlim öhdəliklərinin icrasına nəzarət mexanizmlərinə monitorinq, hesabatlılıq və yoxlama (MRV) sistemləri, maliyyə və texniki dəstək, eləcə də öhdəliklərin qiymətləndirilməsi və nəzərdən keçirilməsi mexanizmləri kimi müxtəlif yanaşma və alətlər daxildir. Bu mexanizmlər şəffaflığın, hesabatlılığın təmin edilməsində və ölkələr arasında etimad səviyyəsinin artırılmasında mühüm rol oynayır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) iqlim sahəsində tədbirlərinin monitorinqi Beynəlxalq İqlim Fəaliyyəti Proqramının (IPAC) əhatə etdiyi və 51 ölkəyə yönəlmiş iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin icmalını əks etdirir. Bu, siyasətçilər və praktiklərə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindəki tendensiyaların geniş icmalını təqdim etmək üçün nəzərdə tutulub.
İƏİT-in son hesabatı göstərir ki, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində iqlim dəyişmələrinin nəticələrinin azaldılması üzrə öhdəliklər Paris sazişinin məqsədlərinə nail olmaq üçün lazımi səviyyəyə çatmır.
Paris sazişinin yüzilliyin sonuna qədər temperaturu 1,5°C-ə qədər məhdudlaşdırmaq hədəfinə nail olmaq üçün 2030-cu ilə qədər istixana qazlarının emissiyalarını qlobal şəkildə 43 faiz azaltmaq (2019-cu illə müqayisədə) lazımdır. Lakin İƏİT ölkələri 2020-ci il emissiyaları ilə müqayisədə tullantıları 28 faiz, İƏİT-ə tərəfdaş ölkələr isə 5 faiz azaltmağı öhdələrinə götürüblər. Materialda qeyd olunur ki, Paris sazişinin hədəfinə nail olmaq üçün lazımi proqnozlaşdırılan azalmalara nail olmaq üçün İƏİT və təşkilatın tərəfdaşı olan ölkələr emissiyaların azaldılması üzrə hədəflərini ümumilikdə ən azı daha 30 faiz artırmalıdır.
Qəbul edilmiş və İƏİT-in riayət etdiyi iqlim qərarlarının artım sürəti 2022-ci ildə ləngiyib. Həm İƏİT, həm də İƏİT ilə tərəfdaş ölkələrin qəbul etdiyi milli iqlim tədbirlərinin artım sürəti 2022-ci ildə yalnız 1 faiz artıb. 2000-2021-ci illər ərzində qəbul edilən qərarların orta artım sürəti isə 10 faiz olub.
2022-ci ildə artımın ləngiməsi ölkələrin iqlim siyasətlərinin icrasını təhdid edə bilər. Ölkələrin, əvvəlki kimi, mövcud siyasətləri sərtləşdirmək və ya hazırda geniş istifadə olunmayan yeni strategiyalar qəbul etmək üçün bir çox variantları var (misal üçün, tikinti və nəqliyyat sektorlarında karbon qiymətlərinin müəyyən edilməsi, qadağalar və qazıntı yanacağı hasilatı və ya yaxud qazıntı yanacağına əsaslanan infrastrukturdan mərhələli imtina).
14 ölkə 2010-2020-ci illər ərzində emissiyalarını artırıb. Braziliya, Çin Xalq Respublikası, İndoneziya və Hindistan kimi ölkələrdən emissiyalar hələ də artır və hələ də gözlənilən pik həddinə çatmayıb. 2020-ci ildə emissiyaların artımı 2010-cu il səviyyəsi ilə müqayisədə Çində 34 faiz, Hindistanda isə 37 faiz olaraq qiymətləndirilir. Ölkələr Paris sazişinin məqsədlərinə çatmaq üçün növbəti on il ərzində emissiyalarını əhəmiyyətli dərəcədə azaltmalı olacaqlar.
İqlim tədbirlərində ümumi ləngimə ölkələr və vasitə növləri arasında mühüm fərqləri gizlədir. Misal üçün, qlobal istixana qazı emissiyalarının 29 faizini təşkil edən 22 İƏİT ölkəsi və 8 İƏİT tərəfdaş ölkəsi 2022-ci ildə iqlim dəyişmələri ilə mübarizə tədbirlərini aktivləşdirib. Bu artım, ilk növbədə, sıfır emissiyalar üzrə yeni və ya gücləndirilmiş öhdəliklər hesabına təmin edilib. Enerji böhranı ölkələrə bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində daha iddialı hədəflər qəbul etmək və onların icrasını sürətləndirmək üçün əlavə stimul verdi.
Tərəflər Konfransı (COP) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ali orqanıdır. Konvensiyaya Tərəf olan bütün dövlətlər COP-da təmsil olunur və burada Konvensiyanın, eləcə də, COP-un istənilən digər hüquqi vasitəsinin icrasını nəzərdən keçirərək, institusional və inzibati mexanizmlər daxil olmaqla, Konvensiyanın səmərəli icrasına yardım üçün lazımi qərarlar qəbul edir.
Paris sazişinin 15-ci maddəsi riayət Komitəsi təsis edir və sazişə riayətin təmin olunması mexanizmlərini müəyyən edir.
Nəzarət və icra proseduru dəqiq formalaşmış üç hissədən ibarət triptix formasını alır: şəffaflıq strukturu, qlobal yekun və riayət mexanizmi.
Monitorinq beynəlxalq əməkdaşlığın bu konkret sahəsinin xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Paris sazişinin icrası zamanı Sazişin tərəfləri ənənəvi müqaviləyə riayət mexanizmlərindən istifadə etməməyə üstünlük verdilər.
Tərəflərin əksəriyyəti hesab edirdi ki, riayət etməməyə görə cəzalandırmaqdansa, riayətə yardım etmək daha vacibdir, xüsusən ona görə ki, sanksiyaların tətbiqi ölkələrin müqavilədə iştirakına mane olacaq.
Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktroru Fatih Birolun Trend-ə özəl müsahibəsində dediyi kimi, ölkələr yeni milli səviyyədə müəyyən olunan töhfələr verməlidirlər.
"Bütün yollar Bakıya aparır. Ölkələr yeni milli səviyyədə müəyyən olunan töhfələr verməlidirlər. 2035-ci ilə qədər nə edəcəklərinə qərar verməlidirlər. Və bu planlar qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq məqsədinə nail olmaq üçün kifayət qədər iddialı olmalıdır. Bakıdakı müzakirələr burada çox mühüm rol oynayacaq. Məhz buna görə Beynəlxalq Enerji Agentliyi iddialı milli səviyyədə müəyyən olunan töhfələri inkişaf etdirmək üçün tərəflər arasında mənalı müzakirələri təmin etmək üçün COP29 Sədrliyini dəstəkləmək qərarına gəlib.
Əgər onlar kifayət qədər iddialı deyillərsə, qlobal istiləşməni 1,5°-də saxlamaq məqsədinə çatmaqda bizə kömək edə bilmirlərsə, bu, yaxşı nəticə olmayacaq. Buna görə də COP29 Sədrliyi bütün tərəfləri növbəti 10 il üçün iddialı milli səviyyədə müəyyən olunan töhfələrə sahib olmağa təşviq etməlidir. Bütün ölkələr və BEA burada COP29 Sədrliyini tam dəstəkləyəcək", - deyə F.Birol bildirib.
Əgər onlar kifayət qədər iddialı deyillərsə, qlobal istiləşməni 1,5°-də saxlamaq məqsədinə çatmaqda bizə kömək edə bilmirlərsə, bu, yaxşı nəticə olmayacaq. Buna görə də COP29 Sədrliyi bütün tərəfləri növbəti 10 il üçün iddialı milli səviyyədə müəyyən olunan töhfələrə sahib olmağa təşviq etməlidir. Bütün ölkələr və BEA burada COP29 Sədrliyini tam dəstəkləyəcək", - deyə F.Birol bildirib.
BEA-nın icraçı direktoru qeyd edib ki, COP29-da o, zəngin ölkələrin, aşağı gəlirli ölkələrin, Şimal və Cənubun bu qlobal problemin öhdəsindən gəlmək üçün bir araya gəlməsini görmək istəyir:
"Bu, təkcə varlılar üçün deyil, həm də yoxsul ölkələr üçün, təkcə Şimal üçün deyil, həm də Cənub üçün, bütün ölkələr üçün bir çağırışdır. Əgər biz geosiyasi parçalanmaları, geosiyasi fikir ayrılıqlarını bir kənara qoyub qlobal məsələyə diqqəti yönəldə bilsək və bəzi konkret qərarlar qəbul edib konkret məqsədlər üzərində razılaşa bilsək, COP29 bu qlobal məqsədə çatmaqda uğurlu mərhələ kimi yadda qalacaq".
İqlim öhdəliklərinin icrasına səmərəli nəzarət mexanizmləri Paris sazişinin məqsədlərinə və qlobal iqlim dayanıqlılığına nail olmaq üçün əsasdır. Monitorinq, hesabatlılıq və yoxlama ölkələrə və beynəlxalq ictimaiyyətə irəliləyişi izləmək, problemləri aşkarlamaq və iqlim dəyişikliyi ilə daha səmərəli mübarizə üçün strategiyaları tənzimləmək imkanı verir.
Bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini olduğu kimi qiymətləndirməmək olmaz. Texniki və maliyyə potensialının inkişafı, eləcə də inkişaf etməkdə olan ölkələrə dəstək iqlim öhdəliklərinin uğurla həyata keçirilməsində əsas rol oynayır. Bundan başqa, qiymətləndirmə və nəzərdən keçirmə mexanizmləri ölkələrin öz planlarını təkmilləşdirməsinə və əldə edilmiş təcrübə və yeni elmi sübutlara əsaslanaraq ambisiyalarını yüksəltməyə imkan verir.
Gələcəkdə dəyişən iqlimin çağırışlarına adekvat cavab verə bilmələrini təmin etmək üçün nəzarət mexanizmlərinin gücləndirilməsi və təkmilləşdirilməsi davam etdirilməlidir. Beynəlxalq ictimaiyyət iqlim hədəflərinə nail olmağa və ortaq gələcəyimizi qorumağa kömək edəcək daha ədalətli və dayanıqlı sistemin qurulması üzərində aktiv şəkildə çalışmalıdır.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)