...

Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Yaşıl iqtisadiyyat Materials 25 Sentyabr 2024 17:31 (UTC +04:00)
Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Sentybarın 25-də Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum işə başlayıb.

Trend xəbər verir ki, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə IOTA üzvü ölkələrdən 40-dan çox yüksək vəzifəli vergi rəsmisi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC UN), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq İqlim Dəyişikliyi və İnkişaf Mərkəzi (ICCCAD), Asiya İnkişaf Bankı (AİB)kimi beynəlxalq təşkilatların nümayəndələri, biznes liderləri iştirak ediblər.

Beynəlxalq Forumda karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olunub.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisiOrxan Nəzərli, Beynəlxalq Valyuta Fondunun rəsmisi xanım Marqaret Kotton çıxış ediblər.

İqtisadiyyat naziri Mikayıl CabbarovKarbon Qiymətqoyma üzrə Bakı Beynəlxalq Forumunun mühüm bir dövrə təsadüf etdiyini, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini, Forumun gündəliyinin karbonsuzlaşma prosesində fiskal alətlərin rolunu dəyərləndirmək olduğunu bildirib. Nazir qeyd edib ki, mövzu ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlar, habelə İOTA-ya üzv ölkələrin nümayəndələri ilə müzakirələr aparmaq səmərəli və xoş fürsətdir. Nazir Forumun qlobal miqyasda zəruri olan təmiz ətraf mühit gündəliyinin prioritetlərinin reallığa çevrilməsi yolunda təşəbbüslərə töhfə verən və yeni yanaşmaların təməlinin qoyulmasına fürsət yaradan platformalardan biri olduğunu qeyd edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisiOrxan Nəzərliiqlim dəyişikliyi ilə mübarizənin yaratdığı yeni reallıqların müzakirə platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi öncəsi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumunkeçirilməsini çox əhəmiyyətli bir hadisəadlandırıb. Forumun ədalətli yanaşma üçün yeni yolları araşdırmaq, qabaqcıl təcrübələri paylaşmaq və əməkdaşlığı təşviq etmək imkanı yaratdığını qeyd edib. O.Nəzərli bildirib ki, iqlim dəyişikliyi getdikcə daha geniş miqyasda və təxirəsalınmaz bir şəkildə beynəlxalq gündəmdə yer almaqdadır. Çünki bu, yalnız bir ölkənin deyil, bütün dünya ölkələrinin üzləşdiyi bir problemdir. Bu səbəbdən də qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən təsirli alətlərindən biri olan karbon qiymətqoyma istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirən və dayanıqlı inkişafı təşviq edən mühüm bir vasitədir.

O.Nəzərli bildirib ki, bu prosesdə birgə təşəbbüslər çox vacibdir, yəni hökumət, vətəndaş cəmiyyəti, özəl sektor, beynəlxalq təşkilatlar və ölkələr müştərək formatda çalışmalıdır. Yalnız bu halda iqlim dəyişikliyi ilə mübarizədə uğur qazanmaq və gələcək nəsillər üçün daha dayanıqlı və yaşıl bir dünya yaratmaq mümkün olacaq.

Beynəlxalq Valyuta Fondunun rəsmisi xanım MarqaretKotton karbon vergisinin tətbiqi məsələlərinin dünyanın gündəmində olduğunu qeyd edib, bu prosesdə nailiyyətlər və çətinliklər barədə məlumat verib.

Forumun birinci günündə “Karbon qiymətqoyma və karbon vergisinə giriş”, “Karbon vergisinin tətbiqi: dünya təcrübəsi”, “Karbon vergisinin iqtisadi təsirləri” və “Karbon vergisindən istifadə və innovasiya” mövzularında sessiyalar keçiriləcək.

Sessiyalar zamanı karbon vergiləri, emissiyaların ticarət sistemləri və hibrid modellər kimi müxtəlif karbon qiymətlərinin müəyyən edilməsi yanaşmaları, karbon qiymətlərinin təhlili, bu siyasətin inkişafı və beynəlxalq əməkdaşlıq üçün prioritetlərin müəyyənləşdirilməsi, karbon qiymətlərinin digər iqlim siyasəti və təşəbbüsləri ilə inteqrasiyası müzakirə olunacaq. Mövcud və yeni yaranan karbon qiymətqoyma, karbon vergisinin icmalı, məqsədi və qlobal nümunələr, karbon vergisinin tətbiqi ilə bağlı çətinliklər və uğurlu təcrübələr, karbon vergisinin iqtisadi təsirlərinin təhlili, istifadə strategiyaları, texnoloji innovasiya və yaşıl enerjinin sürətləndirilməsində rolu kimi mövzular barədə təqdimatlar nümayişetdiriləcək.

Forumun ikinci günündə iki sessiya keçiriləcək. “Maraqlı tərəfərin perspektivləri və ictimai iştirak” və “Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM)” mövzularında təşkil edilən sessiyalarda karbon vergisinin sosial təsiri, hökumət, biznes, QHT-lər və ictimaiyyətdən müxtəlif maraqlı tərəflərin baxışları, CBAM-ın məqsədi, əhatə dairəsi, iqtisadi və ətraf mühitə təsiri, CBAM-a Hazırlıq üçün Yol Xəritəsi barədə ətraflı məlumat veriləcək.

İki günlük forum çərçivəsində karbon qiymətləndirilməsi mövzusunda müxtəlif müzakirələr, beynəlxalq təcrübədə tətbiq edilən mexanizmlərin nəzərdən keçirilməsi və konstruktiv dialoqların qurulması gözlənilir.

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, Beynəlxalq təşkilatlarla Azərbaycanın optimal “yaşıl” vergi siyasətinin hazırlanması üçün danışıqlar aparılır.

Orxan Nəzərli beynəlxalq praktikada geniş tətbiq olunan karbon emissiyalarının azaldılmasına yönəlmiş "karbon vergisi" və ya oxşar rüsumun tətbiqi imkanlarının araşdırılmasının vacibliyini bildirib.

"Bu tədbirlər çərçivəsində, ölkəmizdə karbon emissiyalarının ölçülməsi sisteminin yaradılması da müzakirə olunur ki, bu da vergiləndirmə üçün əsas olacaq. Ekoloji mühafizə üçün dünyanın digər ölkələrində tətbiq olunan oxşar tədbirlərin həyata keçirilməsi prosesləri hökumət səviyyəsində müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə fəal müzakirə olunur.

Beynəlxalq təşkilatlarla, tədqiqat mərkəzləri, təhsil müəssisələri və sənaye nümayəndələri ilə təcrübə mübadiləsi və bu cür təşəbbüslərin həyata keçirilməsində yaranan çağırışların analizi istiqamətində danışıqlar aparılır. Biz yalnız ən yaxşı təcrübələri öyrənmirik, həm də onların gətirdiyi çağırışları müzakirə edərək, ölkəmiz üçün optimal vergi siyasətinin formalaşmasına çalışırıq", - o qeyd edib.

O.Nəzərli qeyd edib ki, Azərbaycanda artıq aşağı emissiyalı məhsul və texnologiyaların istehsalını və istifadəsini təşviq edən qanunvericilik aktları qəbul edilib.

"Vergi siyasətinin "yaşıl" iqtisadiyyatın stimullaşdırılmasındakı rolu son dərəcə böyükdür. Bunu nəzərə alaraq, bərpa olunan enerji mənbələrinə investisiyaların dəstəklənməsi və vergi alətləri ilə istehsal sektorunda, eləcə də, ixrac edilən məhsullarda karbon izinin azaldılması milli vergi sisteminin mərkəzindədir. Ətraf mühitin qorunması üçün bir çox tədbirlər görülür və vergi alətləri bu təşəbbüslərin dəstəklənməsində aktiv rol oynayır.

Biz əminik ki, ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi və iqlim yönümlü "yaşıl" iqtisadiyyata keçid yalnız vergi siyasəti və ya biznes üçün əlavə vergilərin tətbiqi ilə deyil, həm də bərpa olunan enerji mənbələri və "yaşıl" texnologiyaların istifadəsinin stimullaşdırılması ilə mümkündür.

Bizim ölkədə artıq aşağı emissiyalı məhsul və texnologiyaların istehsalını və istifadəsini təşviq edən qanunvericilik aktları qəbul edilib. Məsələn, elektrik avtomobilləri və hibrid avtomobillər üçün vergi güzəştləri, elektrik mühərrikləri üçün şarj qurğuları və bərpa olunan enerji mənbələrindən istifadə edərək aktiv istehlakçılar tərəfindən istehsal edilən artıq elektrik enerjisinin şəbəkəyə ötürülməsinin stimullaşdırılması göstərilə bilər. "Yaşıl" enerji istehsalçıları üçün iqtisadi stimulların verilməsi bizim prioritetlərimizdən biridir", - o deyib.

O.Nəzərli vurğulayıb ki, iqlim dəyişmələri qlobal təhlükədir və insanlığın sağlamlığına, bizim varlığımızın ən dəyərli aspektlərindən birinə təhlükə yaradır.

"Bu səbəbdən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı qlobal səviyyədə iqlim dəyişmələri ilə mübarizədə mühüm funksiyanı yerinə yetirir. Bu platformada qəbul edilən qərarlar dünya ölkələrinə iqlim dəyişmələri ilə daha səmərəli mübarizə aparmağa imkan yaradır və dayanıqlı inkişafı təşviq edir.

Bu mübarizədə iqlim dəyişmələri tendensiyaları, uyğunlaşma mərhələləri, təsirlərin yüngülləşdirilməsi, ziyan və itkilərin qiymətləndirilməsi kimi aspektlərin rolu önəmlidir. Bu aspektlər ölkələrin daha dayanıqlı gələcək üçün birgə fəaliyyətini dəstəkləyir. Elə buna görə də bu gün burada toplaşmışıq ki, iqlim dəyişmələri ilə mübarizədə ən təsirli vasitələrdən birini - karbon qiymətləndirməsini müzakirə edək. Karbon qiymətləndirməsi, iqtisadi amilləri istixana qazlarının emissiyalarını azaltmağa təşviq edən və dayanıqlı inkişafı dəstəkləyən vacib bir alətdir", - o açıqlayıb.

Onun sözlərinə görə, bu sahədə təcrübə mübadiləsi müxtəlif ölkələrdə və şirkətlərdə tətbiq olunan karbon emissiyalarının qiymətləndirməsi üzrə alətlərinin effektivliyini ölçməyə və onları təkmilləşdirməyə imkan tanıyır.

"Hər bir ölkə və şirkət iqlim dəyişmələri ilə mübarizədə müxtəlif çağırışlar və problemlərlə qarşılaşır. Bu problemlərin həllindən əldə edilən dərslər digər ölkələr və şirkətlər üçün dəyərli ola bilər. Təcrübə mübadiləsi karbon emissiyalarının qiymətləndirməsi üzrə strategiyalarının qlobal səviyyədə yayılması və tətbiqini asanlaşdırır. Bu yola yeni başlayan ölkələr və şirkətlər, daha təcrübəli tərəfdaşların uğurlarından və səhvlərindən öyrənərək risklərini azalda bilərlər. Bu, karbon emissiyalarının qiymətləndirməsi üzrə alətlərinin tətbiqində mümkün olan maneələri daha yaxşı anlamağa və onları uğurla aşmağa kömək edir", - o əlavə edib.

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Aliks Perrinyon bildirib ki, Azərbaycan Avropa Vergi İdarələri Təşkilatının (IOTA) etibarlı üzvüdür.

"Azərbaycan 2024-2025-ci illər üçün IOTA-nin sədri seçilib. Azərbaycan uzun illərdir ki, təşkilatın etibarlı üzvü olub. Bakıda keçirilən bugünkü forumun mövzusu önəmlidir, çünki iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllinə yönəlib. IOTA-nin əsas fəaliyyəti üzvləri arasında bilik və təcrübə mübadiləsidir", - o deyib.

Aliks Perrinyon qeyd edib ki, tədbirin əsas məqsədindən biri karbon emissiyalarının qiymətləndirməsi təşəbbüsü barədə bilik mübadiləsi aparmaq və bu sahədə ölkələr arasında əməkdaşlığı təşviq etməkdir.

O vurğulayıb ki, qlobal istiləşməni 1,5 °C – 2 °C səviyyəsində saxlamaq üçün 2019-cu il səviyyələri ilə müqayisədə emissiyaları 25-50 faiz azaltmaq lazımdır.

"Təcrübələri bölüşmək və ölkələrin karbon vergisini necə tətbiq etdiyini öyrənmək vacibdir. İnanıram ki, bu forum vergi orqanları arasında dialoqun dərinləşdirilməsi üçün mühüm addım olacaq və gələcək əməkdaşlıq və inkişaf üçün möhkəm zəmin yaradacaq", – o əlavə edib.

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsi Marqaret Kotton qeyd edib ki, karbon emissiyalarının qiymətləndirilməsi güclü alətə çevrilir.

"Biz tez-tez vergi və iqlim siyasətinin hazırlanması haqqında eşidirik, lakin bilirik ki, ən yaxşı layihələndirmə belə düzgün idarəetmə olmadan mənasını itirir. Ümid edirəm ki, forum zamanı bu təşəbbüslərin həyata keçirilməsinin bir çox praktik aspektlərini müzakirə edə biləcəyik. İqlim riskləri makroiqtisadi təsir göstərir. Onlar iqtisadiyyatlara, icmalara və ev təsərrüfatlarına ciddi zərbə vurur, maliyyənin qeyri-sabitliyini artırır və bərabərsizliyi gücləndirir. Yeni iqlim iqtisadiyyatına keçid böyümə və iş yerləri yaratmaq üçün unikal imkanlar açır. Hər birimiz öz töhfəmizi verməliyik", - o qeyd edib.

Onun sözlərinə görə, BVF dekarbonizasiya prosesinin sürətləndirilməsini dəstəkləyir və bu, karbon emissiyalarının qiymətləndirilməsi, zərərli subsidiyaların aradan qaldırılması, siyasətə dəstəyi və fəal əməkdaşlıqdan ibarət kompleks tədbirləri əhatə edir.

"Birincisi, karbon emissiyalarının qiymətləndirilməsinə gəldikdə, bunun işlədiyini görürük. Bu günə qədər 40 ölkədə təxminən 70 təşəbbüs mövcuddur. Karbon emissiyalarının qiymətləndirilməsi güclü bir alətə çevrilir, çünki o, yalnız gəlir gətirmir, eyni zamanda, aşağı karbonlu investisiyalara keçidi və istehlakı ədalətli şəkildə stimullaşdırır. Avropada artıq normativlərə riayət etmə vasitəsilə yüz milyonlarla avro toplanıb və bu vəsait bərabərsizliyin aradan qaldırılması və "yaşıl" inkişafın stimullaşdırılması üçün istifadə oluna bilər", - o vurğulayıb.

Marqaret Kotton qeyd edib ki, karbon vergisinin əsas üstünlüklərindən biri onun çevikliyi və mərhələli olaraq vergilərin artırılması ilə yerli reallıqlara uyğunlaşma imkanıdır.

"BVF, ümumiyyətlə, subsidiyaları dəstəkləməsə də və zərərli subsidiyaların aradan qaldırılmasında israr etsə də, karbon vergisi gəlirlərinin, məsələn, sürətli dekarbonizasiyanı təşviq edən infrastrukturun araşdırılması və inkişafı üçün əsaslandırılmış subsidiyalara yönəldilə bilər", - o əlavə edib.

Forum işini sabah davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti