Bişkek. Trend:
Qırğızıstan COP29-da Azərbaycanı hərtərəfli dəstəkləməyə hazırdır.
Trend xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü çərçivəsində bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) qəbul edəcək.
"Biz bu mühüm sammitin uğurla keçirilməsi üçün ən yaxşı arzularımızı bildiririk və qardaş Azərbaycan Respublikasını hərtərəfli dəstəkləməyə hazırıq", - S.Japarov vurğulayıb.
Onun sözlərinə görə, konfrans çərçivəsində Qırğızıstan "Dağ gündəminin təşviqi, dağlar və iqlim dəyişikliyi məsələlərinin BMT-nin İqlim Dəyişikliyi çərçivə konvensiyasına daxil edilməsi" mövzusunda yüksək səviyyəli görüş keçirəcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.