Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir H.Vəliyev/
Kompüter texnikası istehsal edən zavod "KÜR" XVI "BakuTel-2010" Azərbaycan telekommunikasiya sərgisi çərçivəsində rəqəmsal televiziya üçün "Prestije" brendi ilə DVB-T dekoderi təqdim edəcək. Bu barədə "KÜR"ün baş direktoru Rizvan Osmanov deyib.
Zavod sınaq variantında bir neçə ədəd dekoder buraxıb. Qurğuların seriyalı istehsalına başlanılması bazarın tələbatı qiymətləndirildikdən sonra gözlənilir.
Osmanovun sözlərinə görə, "KÜR" tərəfindən bu qurğuların daxil bazarda ilkin satışına artıq başlanılıb.
"DVB-T dekoderlərinin satışının artması əhalinin onlara olan tələbatından asılı olacaq. Bu məqsədlə biz genişmiqyaslı aksiyaya başlamışıq və piştaxtalarında artıq dekoderlərin satıldığı paytaxtın pərakəndə məişət texnikası mağazaları ilə danışıqlar aparırıq. Rəqəmsal televiziyaya keçidlə bağlı dövlət proqramı qəbul edildikdən sonra onlara tələbat xeyli artacaq", - Osmanov qeyd edib.
Bu qurğular konveyerə daxil olduqdan sonra müxtəlif modellərə bölünəcək. İlkin qurğunun dəyəri 75 manat təşkil edir. Zavodun qurğularında avadanlığın seriyalı istehsalı onların dəyərini nəzərəçarpacaq dərəcədə azaltmağa imkan verəcək və onları əhalinin daha çox təbəqəsinin əldə edə bilməsi üçün şərait yaradacaq.