Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Neftçala Telekommunikasiya Qovşağını (TKQ) "Trans-Asiya-Avropa" (TAA) optik-lif seqmentinə birləşdirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirlikdən verilən məlumatda deyilir.
Məlumata görə, Neftçala Telekommunikasiya Qovşağının Salyan rayonu istiqamətində birləşdirilməsi nəzərdə tutulub. Hazırda planlaşdırılan işlərin bir hissəsi bu istiqamətdə yerinə yetirilir.
Layihənin həyata keçirilməsi Salyan və Neftçala istiqamətindəki bütün bitişik kəndlərin bu şəbəkəyə qoşulmasına imkan verəcək ki, bu da operator tərəfindən göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətini artıracaq.
TAA layihəsinin həyata keçirilməsi 1999-cu il oktyabrın 21-də Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış üçtərəfli protokolla razılaşdırılıb. Elə həmin ilin dekabrında TAA-nın Azərbaycan seqmentinin tikintisinə başlanılıb. 2001-ci ildə seqmentin quru hissəsinin tikintisi başa çatıb və Bakı ilə Tbilisi arasında rabitə kanalları TAA optik-lif magistralına keçirilib.
Optik-lif magistralının istismara verilməsi Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Rusiya və Ukrayna arasında birbaşa rabitənin yaradılmasına imkan verir.
Ölkənin TAA seqmentinə qoşulmuş rayonlarında İnternet şəbəkəsinə qoşulma imkanları genişlənib, rabitənin keyfiyyəti yaxşılaşıb və s.