...

Azərbaycan Əfqanıstanın İKT sektorunu investisiyalaşdırır

Telekommunikasiya Materials 7 Fevral 2013 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir H.Vəliyev/

Əfqanıstanda rabitə və informasiya texnologiyaları infrastrukturunun inkişafı, "Elektron hökumət" sistemlərinin qurulması, azərbaycanlı investorların bu ölkənin İKT sektoruna investisiyalar qoyması artıq Əfqanıstanın əlaqədar nazirliyi ilə müzakirə mövzusudur və bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Bunu BMT-nin Əfqanıstandakı yardım missiyasının rəhbəri Jan Kubis Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə deyib.

Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumat verir ki, Əfqanıstanın iqtisadi inkişafı ilə bağlı BMT-nin İnkişaf Proqramının hazırda müxtəlif donor ölkələr və təşkilatlar vasitəsilə yeni layihə üzərində çalışdığını deyən Kubis qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi, Azərbaycanın da bu prosesə cəlbi arzuolunandır.

İki il əvvəl BMT Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı baş katibi postunda olarkən "Bakutel" sərgi-konfransı çərçivəsində UNECE və RİTN-in birgə təşkil etdiyi forumda Azərbaycanın İKT sahəsi və ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq imkanı qazandığını bildirən Kubis nazirliyin bu cür təşəbbüslərə qoşulmasını yüksək qiymətləndirib: "Əfqanıstan Azərbaycanın təcrübəsinə arxalanır və ondan kömək istəyir. Bu ölkədə müvafiq təcrübə tətbiq edilərsə, Azərbaycanda olduğu kimi Əfqanıstanda da İKT sahəsində yüksək çiçəklənmə müşahidə edilə bilər. Ümid edirik ki, BMT, Azərbaycan və Əfqanıstan bu istiqamətdə birgə fəaliyyət göstərəcəklər".

Azərbaycanda UNECE-nin Dövlət-özəl sektor Əməkdaşlığı Qlobal Mərkəzinin yaradılacağını və bu mərkəzdən bütün region ölkələrinin istifadə edəcəyini qeyd edən BMT rəsmisinin sözlərinə görə, hazırda kadr çatışmazlığı ilə üzləşən əfqan mütəxəssislər də bu mərkəzin fəaliyyətindən faydalana bilərlər: "Azərbaycan İKT-nin daha çox təcrübə topladığı istiqamətləri üzrə gələcəkdə əfqan mütəxəssislərini də təlimlərə cəlb edərsə, bu, daha səmərəli olar".

Əli Abbasov, öz növbəsində, ölkədə İnformasiya Texnologiyaları Universitetinin yaradılacağını, universitetdə təşkil olunacaq təlimlərə digər xarici ölkələrlə yanaşı, Əfqanıstandan da mütəxəssislərin cəlb ediləcəyini, eyni zamanda, ölkələr arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini və İKT sahəsində təcrübələrin əldə edilməsi ilə bağlı kompleks işlərin aparılacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti