...

ABŞ-ın informasiya təhlükəsizliyi sistemləri istehsalçısı Azərbaycanda nümayəndəlik açır

Telekommunikasiya Materials 12 Dekabr 2013 05:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir H.Vəliyev/

ABŞ-ın "Symantec" şirkəti Azərbaycanda nümayəndəlik açır. Bu barədə Trend-ə şirkətin MDB ölkələri üzrə regional meneceri Aleksandr Krasin məlumat verib.

Onun sözlərinə görə, regional nümayəndəlik 2014-cü ildən fəaliyyət göstərməyə başlayacaq və şirkətin Azərbaycanda siyasətinin formalaşdırılması ilə məşğul olacaq.

Şirkətin regional meneceri deyib: "Biz nümayəndəliyin hələlik Azərbaycanda işləməsini planlaşdırırıq, lakin gələcəkdə Gürcüstanda da fəaliyyət göstərməsi mümkündür. Biz Azərbaycanda çoxdan çalışırıq. Telekommunikasiya operatorlarının hamısı, bəzi banklar və bir sıra dövlət sifarişçiləri bizim Azərbaycanda tərəfdaşlarımızdır".

Azərbaycan bazarında şirkətin irəli sürdüyü məhsullardan biri "Symantec Security Information Manager" (SSIM) proqramıdır. Bu proqram, əsasən, çoxlu sayda server və mürəkkəb telekommunikasiya sistemlərinin istifadə olunduğu dövlət və özəl sektorun iri şirkət və müəssisələri üçün nəzərdə tutulub.

Şirkətin məhsulları hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində tətbiq edilir, ARDNŞ-nin, "Azercell Telecom" MMC mobil rabitə operatorunun və digərlərinin korporativ şəbəkələrinin mühafizəsində istifadə olunur.

Sistem şəbəkədə baş verən bütün prosesləri müşahidə və təhlil etməyə, mənfi məqamların aradan qaldırılması üçün operativ qərar qəbul etməyə, həmçinin baş verən bütün hadisələri sənədləşdirməyə və bir neçə il ərzində onları saxlamağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti