...

Bakıda texnologiya sahəsində uğurlu qadınlara həsr olunmuş "DigiGirlz" konfransı keçiriləcək

Telekommunikasiya Materials 13 May 2014 17:07 (UTC +04:00)
Mayın 22-də "Microsoft Azerbaijan" şirkətinin və ADA Universitetinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş "DigiGirlz" konfransı keçiriləcək.
Bakıda texnologiya sahəsində uğurlu qadınlara həsr olunmuş "DigiGirlz" konfransı keçiriləcək

Azərbaycan, Bakı, 13 may /Trend/

Mayın 22-də "Microsoft Azerbaijan" şirkətinin və ADA Universitetinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş "DigiGirlz" konfransı keçiriləcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Microsoft" Korporasiyası dünya üzrə qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir. Bakıda keçirilən "DigiGirlz" konfransının əsas məqsədi də məhz Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar iştirak edəcəklər.

Konfransda "Microsoft" Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepi (Vicky Rentzepi), İKT şirkətlərinin nümayəndələri və texnologiya sahəsində uğurlu karyera qurmuş digər qadınlar iştirak edəcək.

Konfrans mayın 22-də saat 15:00-da ADA Universitetində işə başlayacaq və Azərbaycan və ingilis dillərində keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər özləri haqqında məlumatı (ad, soyad, oxuduqları ali məktəbin adı, fakültə və ya təmsil etdikləri şirkətin adı və vəzifəsi) [email protected] elektron ünvanına göndərməli və ya (+994 12) 437-38-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

1975-ci ildə təsis edilmiş "Microsoft" Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" Korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış ADA Universitetinin əsas məqsədi yenilikçi qlobal liderlərin hazırlanması və diplomatiya, ictimai və beynəlxalq məsələlər, biznes, humanitar sahə və elmlər, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə səmərəli əməkdaşlığa əsaslanan tədqiqatın təbliğ edilməsinə yönəlib. ADA öz qapılarını tələbələrə ilk dəfə 2007-ci ildə açmış, 2012-ci ilin sentyabr ayında isə özünün şəhərin mərkəzində yerləşən daimi "yaşıl" və "smart" kampusuna köçmüşdür. Hazırda ADA Universitetində İctimai və Beynəlxalq Məsələlər, Biznes, Humanitar və digər elmlər, eləcə də Mühəndislik və İnformasiya Texnologiyaları üzrə dörd müxtəlif məktəb fəaliyyət göstərir. ADA Universitetinin gələcəyə istiqamətlənmiş fəaliyyət və strategiyasının əsasında dörd əsas prinsip dayanır: qlobal liderlik, innovativ təhsil, sosial məsuliyyət və daim inkişaf edən məkan.

ADA Universiteti haqqında daha geniş məlumat əldə etmək üçün universitetin internet səhifəsini ziyarət edə bilərsiniz: www.ada.edu.az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti