Azərbaycan, Bakı, 20 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi uşaqların internetin zərərli təsirlərindən qorunması məsələsi üzrə ilk məsləhətləşmə keçirib. Bu barədə Trend-ə Mərkəzdən bildiriblər.
Şagirdlərin valideynləri üçün göstərilən məsələ üzrə məsləhətləşmə akademik Zərifə Əliyeva adına məktəbdə keçirilib.
Habelə Mərkəz uşaqların internetin zərərli təsirlərindən qorunması üçün onların arzuolunmaz kontentə çıxışının qarşısını alan "Parental Control" ("Valideyn nəzarəti") həllini təklif edib.
"Parental Control" proqram həlli qadağan olunmuş internet saytlarına, proqramlara çıxışı bloka salmağa, hesabatlar, kompüterdən istifadə cədvəli tərtib etməyə və s. imkan verir.
Daha əvvəl Mərkəz uşaqların internetin mənfi təsirindən müdafiəsi üzrə təkliflər hazırlamışdı. Təkliflər əsasən orta məktəblərin müəllim heyəti və şagirdlərin valideynləri arasında maarifləndirmə işlərinin keçirilməsini nəzərdə tutur. Elektron Təhlükəsizlik Mərkəzi, həmçinin daha yüksək səviyyədə mövcud problemlərin həlli ilə məşğul ola biləcək təşkilatın yaradılması təşəbbüsü ilə çıxış edib.
Mərkəzin mütəxəssislərinin fikrincə, belə qurum Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə yaradıla bilər. Elektron Təhlükəsizlik Mərkəz, həmçinin bu proqram həllərinin istehsalçı şirkətləri ilə sıx əməkdaşlıq etmək, saytların monitorinqlərini aparmaq və böyüməkdə olan nəslin həmin saytlara çıxışını bağlamaq nyyətindədir.